Naxçıvan Dövlət Universitetində 8 mart- Beynəlxalq Qadınlar Gününə hərs olunan tədbir keçirilib
Tədbirdən öncə universitetin Pedaqoji və İncəsənət fakültələrinin müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə Pedaqoji fakültənin vitraj sənəti, xalça, tikmə nümunələri, muncuqla hazırlanmış əl işləri və rəsm əsərləri yer alıb. İncəsənət fakültəsindən isə müəllim və tələbələrin kətan üzərində yağlı boya, kağız üzərində sulu boya, dekorativ tətbiqi sənətə aid gips və şüşə üzərində işlər, təbii daşlardan aksesuarlar və digər əl işləri diqqəti cəlb edib.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilib. Bildirilib ki, bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasəti ilə bağlıdır. Rektor qeyd edib ki, Azərbaycan qadını tarixən mübarizliyi, milli-mənəvi dəyərlərə sadiqliyi və öz xidmətləri ilə seçilib. Diqqətə çatdırılıb ki, Naxçıvanda orta əsr abidələrinin bir çoxu qadınların şərəfinə ucaldılıb. Elbrus İsayev cəmiyyətdə bütün istiqamətlərdə olduğu kimi universitetin qadın əməkdaşlarının elm, təhsil sahəsində də fərqləndiyini qeyd edərək bildirib ki, universitetdə fəaliyyət göstərən 401 qadın əməkdaşın 4-ü elmlər doktoru, 3 –ü professor, 40 –ı dosent, 60-ı fəlsəfə doktoru, 201 –i isə müəllimdir. Onlardan 10 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüblər. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında nüfuzlu nəşrlərdə elmi məqalələri dərc olunan müəllimlər sırasında da qadın müəllimlərimiz xüsusilə seçilirlər. Vurğulanıb ki, ali təhsil ocağında 2852 nəfər qız tələbə var ki, bu da ümumi göstəricinin 51 faizini təşkil edir. Rektor eyni zamanda Vətən müharibəsində bizə qalibiyyət sevincini yaşadan igid oğulları qeyrətli Azərbaycan qadınının tərbiyə etdiyini qeyd edərək onlara ehtiramını dilə gətirib. Elbrus İsayev əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb.
Sonra Təsviri incəsənət kafedrasının müəlimi Səyyarə Sadıxovaya sənətşünaslıq üzrə fəlsəfə doktoru, Pedoqogika və psixologiya kafedrasının baş
müəllimi Solmaz Cabbarovaya pedoqogika üzrə fəlsəfə doktoru diplomları və qiymətli hədiyyələr təqdim olunub.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva qadınlar adından çıxış edərək yaradılan şəraitə və xanımlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra tədbirin bədii hissəsi baş tutub. “Xalq çalğı alətləri” kafedrasının baş müəllimi Sərxan Abdullayevin bədii rəhbərliyi ilə həmin kafedranın yeni tərkibli “Buta” instrumental ansamblının və Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət konsert təqdim olunub. “Rahab” rəngi, “Güllər”, “Nazəndə sevgilim”, “Düz bir ildir”, “Hələ nəğməm var mənim”, “Qara qaşın vəsməsi”, “Ana”, “Yaşayıram el üçün” ifaları tədbir iştirakçılarına xoş ab-hava bəxş edib. Eyni zamanda Tələbə Teatr Studiyasının “Təbrik” adlı pantomim tamaşası alqışlarla qarşılanıb.
Sonda Elbrus İsayev iştirakçıları təbrik edərək onlara hədiyyələr təqdim edib.