Naxçıvan Dövlət Universitetində Akademik Yusif Məmmədəliyevin 115 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində Akademik Yusif Məmmədəliyevin 115 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət  Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyevin 115 illiyinə həsr olunmuş elmi seminar  keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayanda görkəmli alim Yusif Məmmədəliyevin adını daşıyırdı. Diqqətə çatdırılıb ki, Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətlər göstərmiş Yusif Məmmədəliyevin özündən sonra qoyduğu zəngin irs və ideyalar onu daim yaşadacaqdır.

“Kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Akif Əliyev “Dahi kimyaçı alim” mövzusunda çıxışında bildirib ki, Akademik Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoyub. Vurğulanıb ki, alim öz uzaqgörənliyi ilə dövrümüzdə tədqiqinə başlanan bir çox məsələlər haqqında əvvəlcədən elmi mülahizələr və hipotezlər verib, bu istiqamətlərin gələcək perspektivlərini illər öncə müəyyənləşdirə bilib.

“Yarıda qalmış ideyaların böyük sahibi” adlı çıxışında AMEA-nın müxbir üzvü Əliəddin Abbasov qeyd edib ki, akademik əsl vətənpərvər kimi hələ o dövrdə Azərbaycanda Əlyazmalar Fondunun yaradılmasına, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu “Kitabi-Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına nail olub. Bununla yanaşı, alim sovet hakimiyyəti dövründə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadəsi üçün bütün qüvvəsi ilə çalışıb.

“Kimya” kafedrasının müdiri Sevinc Kərimova “Akademik Yusif Məmmədəliyevin pedoqoji fəaliyyəti” adlı çıxışında vurğulayıb ki, misilsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent, Şəmil Mahmudov “Akademik Yusif Məmmədəliyev və Nobel mukafatı” adlı çıxışında  bildirib ki, akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu – bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutub. Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarılsa da, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb.

Kimya uzrə fəlsəfə doktoru Pərvin Quliyev “Faşizm uzərində qələbədə Akademik Yusif Məmmədəliyevin rolu” adlı çıxışında qeyd edib ki, 1935-ci ildən Y.Məmmədəliyev sistemli olaraq neft qazlarının xlorlaşması,  bromlaşması, ftorlaşması, onların elmdə, texnikada, sənayedə, tibbdə və başqa sahələrdə istifadəsinə nail olunması istiqamətində araşdırmalar aparıb. O, təbii və neft qazlarının tərkibinin təyini, etilendən etil spirtinin alınması, süni kauçukun, hidrogenin alınması və onun yanacaq kimi istifadəsi ilə bağlı fundamental tədqiqatların müəllifidir. Akademik təkcə qazların deyil, aromatik karbohidrogenlərin də xlorlaşmasında mühüm nəticələrə imza atan ilk alimlərdəndir. Həmçinin aviasiya və raketlər üçün yüksən oktanlı müxtəlif növ yanacaqların yaradılması, tankəleyhinə maddələrin alınması da məhz onun adı ilə bağlıdır.