Naxçıvan Dövlət Universitetində ali təhsil müəssisələri tələbələri arasında keçirilən “Siyasi biliklər” olimpiadasının qalibləri mükafatlandırılıb
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi Ərazi ilk partiya təşkilatı və Naxçıvan Dövlət Universieti Tələbə Gənclər Təşkilatının birgə səyi nəticəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə bu cür olimpiadaların və yarışların keçirilməsi ənənəvi hal alıb. Vurğulanıb ki, adıçəkilən olimpiada Naxçıvan Muxtar Respublikasında ali təhsil müəssisələri arasında təşkil olunmuş “Siyasi biliklər” üzrə ilk olimpiadadır. Rektor qeyd edib ki, regionun siyasi vəziyyətinə uyğun olaraq tələbələrin siyasi biliklərə yiyələnməsi onların gələcək təcrübi fəaliyyətləri baxımından böyük önəm kəsb edir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi Ərazi ilk Partiya təşkilatının sədri Arzu Abdullayev çıxışı zamanı layihənin əhəmiyyətindən, məqsəd və vəzifəsindən danışıb. Qeyd edilib ki, olimpiadanın əsas məqsədi tələbələri siyasətin müxtəlif sahələrində maarifləndirmək, onları bu sahənin mütəxəssisləri kimi formalaşdırmaqdır.
Daha sonra “Tələbə Gənclər Təşkilatının” sədri Əziz Qasımov layihənin davamlılığı və nəticələri barədə məlumat verib. Qeyd edilib ki, bu ilin noyabr ayının 1-dən 19-na qədər keçirilən olimpiadada Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Müəllimlər İnstitundan ümumilikdə 60 nəfər tələbə iştirak edib. 2 mərhələdə təşkil olunan olimpiadada 21 nəfər tələbə final mərhələsinə keçmə haqqı qazanıb.
Nəzərinizə çatdıraq ki, olimpiada iştirakçılarından I yerə 1 nəfər, II və III yerlərə isə 2 nəfər layiq görülüb. Naxçıvan Dövlət Universitetinin tələbəsi Səbinə Əliyeva 22 xalla qalib olub. Naxçıvan Universitetinin tələbəsi Ayxan Məmmədov və Naxçıvan Dövlət Universitetinin tələbəsi Zaur Dünyamalıyev 21 xalla II yerdə qərarlaşıblar. Adları qeyd olunan tələbələrə diplom və müxtəlif hədiyyələr, digər final mərhələsinə keçən tələbələrə isə fərqləndiklərinə görə diplomlar təqdim edilib.