
Naxçıvan Dövlət Universitetində “Aqrar-Sənaye kompleksinin fəaliyyəti və inkişaf xüsusiyyətləri ” mövzusunda vebinar keçirilib
Ali təhsil ocağında Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Vahid Abbasov tərəfindən “Aqrar-Sənaye kompleksinin fəaliyyəti və inkişaf xüsusiyyətləri ” mövzusunda vebinar keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov aqrar sənayenin Azərbaycanın bir çox bölgələrində olduğu kimi muxtar respublikada da sürətlə inkişaf etməkdə olduğunu diqqətə çatdırıb, ölkəmizin gələcəyi üçün bu sahənin faydaları haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirə onlayn qoşulan Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Vahid Abbasov qeyd edib ki, aqrar- sənaye kompleksi dedikdə bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi nəzərdə tutulur. Onun əsas vəzifəsi əhalini ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayeni xammalla təchiz etməkdir. Vahid Abbasov kənd təsərrüfatı istehsalının yerləşdirilməsi, ərazi üzrə əmək bölgüsü, kənd təsərrüfatının yerləşməsinin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilər və kənd təsərrüfatının səmərəli yerləşdirilməsinin əsas prinsipləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.