Naxçıvan Dövlət Universitetində “Arıçılıq mədəniyyəti və arıçıların qış qayğı”larına həsr olunmuş seminar baş tutub

“Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində baş tutan tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə muxtar respublika arıçıları ilə birlikdə maarifləndirici seminarlar keçirilir, beynəlxalq konfranslar təşkil edilir. Bildirilib ki, ali təhsil ocağında arıçılığa dair kadr hazırlığı, bu sahədə elmin naliyyətlərini və qabaqcıl təcrübəni geniş yaymaq məqsədilə zəngin tədris bazası yaradılıb, arıçılarla mütəmadi  olaraq seminarlar təşkil olunur. Rektor diqqətə çatdırıb ki, universitet əməkdaşları tərəfindən nəşr edilən ən yeni ədəbiyyatlar, jurnallar, bukletlər və eləcədə dünya arıçılıq elmində mövcud olan yeniliklər arıçılara təqdim olunur. Vurğulanıb ki, hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nda universitet müəllimləri iştirak edir,  arıçılıq məhsullarını təqdim edirlər.

“Baytarlıq təbabəti” kafedrasının mudiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli arıçılıq mədəniyyətinin formalaşdırılmasından danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri  Əyyub Abdullayev arı ailələrinə qışlama dövrü haqda məlumat verib. Qeyd edilib ki, Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, istehsal və ixrac imkanlarının artırılması yeni uğurlar qazanılmasına zəmin yaradır. Vurğulanıb ki, muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dəstək və fermerlərin bu sahəyə marağının artması bal və digər arıçılıq məhsullarının istehsalında artıma səbəb olur.

“Baytarlıq təbabəti” kafedrasının baş müəllimi, baytarlıq üzrə fəlsəfə doktoru Əli Tahirov arı ailələrinin qışlamaya hazırlanmasından danışaraq payız dövründə görüləcək işlərdən, xəstəlik və parazitlərə qarşı mübarizə üsullarından bəhs edib. Bildirilib ki, müstəqillik dövründə respublikamızın hər yerində olduğu kimi muxtar respublika ərazisində də arıçılığın vəziyyəti dəyişib arı ailələrinin yayılmasında, inkişafında və bioloji təsərrüfat xüsusiyyətləridə kəskin dəyişikliklər baş verib.

Naxçıvan Muxtar Respublikası Arıçılar İctimai Birliyinin sədri Etibar Məmmədov Naxçıvan arıçılığın gələcək planlaşdırılması haqqında ətraflı məlumat verib.

Sonda tədbir iştirakçıları fakültədə olan polenli nektarlı bitkilərin herbariləri, yeni nəsil arı pətəkləri, ana arı südünü almaq üçün vasitə, şansız arı paketi, ana arı sürfəköçürmə aləti və arı südü çərçivəsi – arıçılıq avadanlıqları ilə tanışlıq olub.