
Naxçıvan Dövlət Universitetində “Arıçılıq təsərrüfatlarında yaz işləri” mövzusunda təlim keçirilib
Naxçıvan Dövlət Universiteti “Baytarlıq təbabəti” kafedrasında arıçı sahibkarlarla “Arıçılıq təsərrüfatlarında yaz işləri” mövzusunda təlim keçirilib. Universitetin rektoru Elbrus İsayev giriş sözü ilə çıxış edərək muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə ali təhsil ocağında da bu istiqamətdə tədbirlər keçirilir. Universitetdə bu sahəyə xüsusi diqqətin olduğundan söhbət açan rektor diqqətə çatdırıb ki, Baytarlıq ixtisası üçün üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin birbaşa təzahürüdür. Bildirilib ki, hər il keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nın iştirakçısı olan universitet ötən ildə festivalın qalibi kimi I dərəcəli diplomla təltif edilib. Rektor nəzərə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin universitetdə arıçılıq məhsulları və dərman bitkiləri çıxarışlarından istifadə etməklə yeni dərman preparatlarının hazırlanması haqqındakı tapşırığı əsasında ali təhsil ocağının laboratoriyasında arı vərəmumu və yağ əsaslı krem nümunələri və vərəmum bitki çıxarışı qarışıqlar hazırlanıb.
Naxçıvan Muxtar Respublikası “Arıçıları İctimai Birliyi”nin sədri Etibar Məmmədov universitetlə birgə keçirilən təlimin arıçılar üçün əhəmiyyətli olacağını önə çəkib və öz minnətdarlığını ifadə edib.
“Baytarlıq təbabəti” kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əli Tahirov “Erkən yaz dövrü ana arının yetişdirilməsi” adlı çıxışında qeyd edib ki, arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. Yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etməyin vacib olduğu bildirilib. Diqqətə çatdırılıb ki, arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür.
“Arıçılıqda yaz qayğıları” adlı çıxışında Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görülməli olan işlərdən danışıb. Vurğulanıb ki, arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.
“Müasir arıçılıq təcrübəsində istifadə edilən alət və avadanlıqlar” adlı çıxışında “Baytarlıq təbabəti” kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli qeyd edib ki, “Baytarlıq təbabəti” kafedrasına yeni arıçılıq alət və avadanlıqlar alınıb, arıçılıq problemləri laboratoriyası daha da zənginləşdirilib. Vurğulanıb ki, alınan avadanlıqlar ana arının alınması, paket arıçılığın inkişafı, vərəmum, çiçək tozunun alınması üçün mühüm əhəmiyyətə malikdir.
Sonra “Arıçılıq problemləri laboratoriyası”nda olan qonaqlar universitetdə olan arıçılıq ləvazimatları ilə tanış olublar. Sonda təlim iştirakçılarına universitet tərəfindən sertifikatlar təqdim olunub.