
Naxçıvan Dövlət Universitetində “Azərbaycan fəlsəfi fikir tarixinə müasir baxış” mövzusunda respublika elmi konfransı keçirilib
Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən konfransda universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, konfransın əhatəliliyi və elmi səviyyəsindən söz açıb. Rektor konfransın qarşıya qoyulan məqsədlərə müvafiq olaraq işini həyata keçirəcəyinə əminliyini bildirib. Elbrus İsayev Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri ilə yanaşı Naxçıvan Dövlət Universitetində də fəlsəfə fənninə böyük diqqət olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.
“Türk xalqlarının fəlsəfi fikir tarixinin tədqiqinin aktuallığı” adlı çıxışında Bakı Dövlət Univesitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyə Aslanova qeyd edib ki, türk xalqlarının milli dirçəlişi, sosial və mədəni həyatında baş verən dəyişikliklər, milli özünütəsdiq prosesinin sürətlənməsi və müasir dünyaya türk birliyinin inteqrasiya imkanlarının genişlənməsi türk dünyasına diqqətin artmasına səbəb olan amillərdəndir.
Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kəmalə Pənahova “Orta əsr Azərbaycan fəlsəfi fikir tarixində Şərq peripatetizminin rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərq dünyasında Məşşailik adı altında tanınan Şərq peripatetizminin tərkib hissəsi olaraq azərbaycanlı filosoflar da bu zəngin fəlsəfə məktəbinə öz töhfələrini veriblər. Qeyd edilib ki, Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat, ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil edilirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnsititunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərovun “Qırmızı Professorlar İnsititunun məzunlarının fəlsəfi tədqiqatları” adlı çıxışında qeyd edib ki, Qırmızı Professorlar İnsititunda təhsilin əsas forması tələbələrin Karl Marksın iqtisadi nəzəriyyəsini, fəlsəfə tarixini, o cümlədən materialist və dialektik təlimləri, inqilablar, sosial-iqtisadi tarixi araşdırdıqları və müzakirə etdikləri seminarlardan ibarət olub.
Gəncə Dövlət Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent Etibar Musayevin “Müasir mərhələdə Azərbaycançılıq fəlsəfi ideyalarının yaranmasında milli-mənəvi və ümumibəşər dəyərlərin rolu” adlı çıxışında söyləyib ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başladıb. Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə, ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli – etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən Azərbaycan xalqı vahid ideya-dövlətin inkişafı ideyasını prioritet olaraq qarşısına qoydu və bütün enerjisini bu istiqamətə yönəltdi. Bu, həm də müasir, qloballaşan dünyada milli kimliyimizin tanınması istiqamətində mühüm bir addım idi.
Plenar iclasdan sonra ənənəvi və onlayn bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti olmaqla ümumilikdə 47 çıxış dinlənilib.
Sonda konfransa qatılanlara iştiraketmə vərəqəsi təqdim olunub.