Naxçıvan Dövlət Universitetində Azərbaycan memarlığında konstruksiyalı hesablamaya dair ilk kitabın təqdimatı olub

Ali təhsil ocağının Elmi Kitabxanasında universitetin Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının əməkdaşları memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev, Baxşəli Mazanov və Heydər Əsədovun həmmüəllif olduğu “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanması” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Universitetin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2021-ci il üçün nəşr planına əsasən çap olunan monoqrafiyanı sanballı nəşr və tədqiqat əsəri kimi qiymətləndirib. Bildirilib ki, orta əsrlər dövründə Naxçıvanın bütün Azərbaycanın mərkəzi olması məhz elə bu dövrdə memarlıq nümunələrinin də yaranmasına gətirib çıxarıb. Belə ki, Atabəylər dövründə Naxçıvanda Əcəmi Naxçıvaninin yaratdığı memarlıq əsərləri, xüsusilə Möminə Xatın türbəsinin memarlıq quruluşu Orta əsr müsəlman Şərq memarlıq formalarının zirvəsinə çevrilib. Rektor universitet Elmi Şurasının qərarı ilə çap olunan dərs vəsaitinin müəllim və tələbələr həmçinin, bu sahədə çalışan tədqiqatçılar üçün də əhəmiyyətli olacağını qeyd edib.

“Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova elmə bəlli olan ilk memarlıq nəzəriyyəsinin banisinin Vitruvi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, istər Roma memarlıq nəzəriyyəçisi Vitruvinin dövründə, istərsə də ondan sonra Əcəmi Naxçıvani dövrünə qədər elmə bəlli olan heç bir memarlıq abidəsi böyük Əcəminin yaratdığı Möminə Xatın türbəsinin harmonik quruluşu qədər Vitruvi nəzəriyyəsi müddəalarına cavab vermir.

Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət kafedrasının dosenti, sənətşünas Nizami Alıyev qeyd edib ki, monoqrafiya “Səlcuqlar dövrü Naxçıvan memarlıq abidələrinin memarlıq formalarının özəllikləri” və “Orta əsr Naxçıvan memarlıq abidələrində günbəz və çatma tağ konstruksiyalarının hesablanması “ adlı iki fəsildən ibarətdir. Sənətşünas alim bildirib ki, orta əsr müsəlman intibahı dövründə yaradılan Naxçıvan-Marağa memarlıq formalarının tədqiqinə həsr edilən monoqrafiyada Naxçıvan-Marağa memarlıq məktəbindən, Naxçıvanda Gilan, Duzal, Nuh, Gülüstan, Qarabağlar türbələri, onların fəza quruluşu, türbələrin naxış kompozisiyasından bəhs edilib. Monoqrafiyanın II fəslində isə Möminə Xatın və Yusif-Küseyir oğlu türbələrinin konstruksiyaların hesablanması qaydaları verilib. Monoqrafiyada Azərbaycan, Türk, Rus, İngilis və Fars dili olmaqla ümumilikdə 39 ədəbiyyatdan istifadə edilib.

“Memarlıq” kafedrasının baş müəllimi Məmməd Rəcəbov bildirib ki, müəlliflər həmçinin, Möminə Xatın türbəsi medalyonlarını tədqiq edib, onun həndəsi formasını qrafiki analiz ediblər. Araşdırmalarda qeyd olunub ki, türbənin interyerində, daxili günbəzin səthində diametrləri təxminən 15 m olan dörd medalyon qalıb.

Müəlliflərdən memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev çıxış edərək qeyd edib ki, muxtar respublikada tarixi abidələr xüsusi həssaslıqla qorunur və bərpa olunur. Biz elm adamlarının da borcu yazdığımız tədqiqat əsərləri ilə əsrlərin ünvanı olan bu abidələrimizi tədqiq edib ictimaiyyətə çatdırmaqdır. Qadir Əliyev ziyalılara, elmi mühitə göstərilən dövlət dəstəyinə görə öz minnətdarlığını ifadə edib.