
Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Beynəlxalq aləmdə uğurları müzakirə edilib
Ali təhsil ocağının Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsində “Azərbaycan Respublikasının Beynəlxalq normalarda iştirakı və Beynəlxalq normalar çərçivəsindəki uğurları” mövzusunda elmi-konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildən dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Qeyd olunub ki, universitetdə “Beynəlxalq Münasibətlər” ixtisasının olması və yeni yaradılmış “Diplomatiya mərkəzi” gənclərin inkişafı və onların peşəkar kadr kimi formalaşması üçün mühüm əhəmiyyətə malikdir.
“Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Gülçin Ağayeva Azərbaycan- BMT əlaqələri mövzusunda slayd vasitəsiylə çıxış edib. Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatı Ikinci Dünya Müharibəsinin başa çatmasından sonra 1945-ci ilin oktyabr ayının 24-də dünyanın böyük dövlətləri tərəfindən təsis edilib və hazırda 193 üzvü ilə dünyanın bütün qitələrini əhatə edən ən güclü təşkilatlardan biri hesab olunur. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra 1991-c ildə BMT -ə üzv olmaq üçün müraciət edib, 14 fevral 1992 ci il bu müraciət Təhlükəsizlik Şurasında müzakirə olunub və martın 2-də üzvlük müraciətimiz qəbul olunub.
“Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı və birgə həyata keçirilən layihələr” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Abbasova XX əsrin sonlarında baş verən qlobal dəyişikliklərin Azərbaycan Respublikasının çoxşaxəli xarici siyasətindəki rolundan danışıb. Qeyd edilib ki, Heydər Əliyevin reallaşdırdığı neft və qaz strategiyası Azərbaycanın Aİ- yə üzv dövlətlərlə əlaqələrinin daha da konstruktiv və intensiv xarakter daşımasına əhəmiyyətli təsir göstərib. Vurğulanıb ki, Xəzər dənizinin Azərbaycana aid hissəsində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi haqqında 1994- cü ilin sentyabrında dünyanın ən nüfuzlu neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” bu yolda ilk mühüm addım olub.
“Beynəlxalq münasibətlər” ixtisası üzrə II kurs tələbəsi, fakültə TEC-nin sədri İnci İbrahimova Azərbaycan Respublikasının üzv olduğu təşkilatlar haqda danışıb.
