Naxçıvan Dövlət Universitetində Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri respublika elmi konfransı keçirilib

Ali təhsil ocağının İncəsənət fakültəsində baş tutan konfransı giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq qeyd edib ki, artıq ənənə halı alan bu kimi konfransların keçirilməsi müəllim və tələbələrin özlərini inkişaf etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konfransın məqsədi barədə məlumat verən rektor bildirib ki, universitetin incəsənət sahəsində regional və beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi diqqətdə olan məsələlərdəndir. Diqqətə çatdırılıb ki, bu gün baş tutan konfrans da gələcək əlaqələrin inkişafı baxımından önəmlidir. Elbrus İsayev qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

“Azərbaycan folklorunda Naxçıvan yallıları” mözusunda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə bildirib ki, rəqs janrının çox qədim tarixə malik qollarından biri olan yallı Naxçıvan xüsusilə də, Şərur rayonunda illərdir yaşadılaraq nəsildən-nəsilə ötürülüb. Vurğulanıb ki, aparılan tədqiqatlarda Naxçıvandan toplanılan 90 adda Azərbaycan yallısının not yazısı məcmuəsi əsasında işıqlandırılıb. Müxtəlif yallı növləri haqqında videomateriallar əsasında məlumat verən professor muxtar respublikanın rayonlarında aparılan araşdırmalara əsasən yallı növləri barədə də geniş izah verib. Professor “Azərbaycan yallıları”, “Azərbaycan qaytağı rəqsləri”, “Azərbaycanın unudulmuş marşları”, “Azərbaycan cəngi rəqsləri” və rəqslər haqqında önəmli məlumatların yer aldığı bir neçə kitabı da universitetə hədiyyə edib.

Sonra universitetin Tələbə Teratr studiyasının “Yallı və rəqs qrupu” tərəfindən “Xələfi”, “Köçəri”, “Tənzərə” yallıları nümayiş olunub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev “Naxçıvanlı naməlum rəssam” adlı çıxışında görkəmli Mirişlilər nəslindən olan rəssam Rəşid Mirişli haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırlıb ki, Rəşid Mirişlinin bədii-estetik tutumuna görə bu gün də əhəmiyyətini qoruyub saxlayan kitab nişanları Azərbaycan qrafika sənətinin yaddaqalan uğurlarından sayılır. Tədbirdə eyni zamanda rəssamın Naxçıvan təbiətini tərənnüm edən əsərləri də xüsusi maraq doğurub.

Universitetin sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnara Məhərrəmova  “Milli bəstəkarlarımızın yaradıcılığında Naxçıvan mövzusu” adlı çıxışında diqqətə çatdırıb ki, dahi mütəfəkkirlərin vətəni olan Naxçıvan özünün tarixi nailiyyətləri ilə milli mədəniyyətimizin inkişafına hər zaman misilsiz töhfələr bəxş edib. Qeyd olunub ki, naxçıvanlı şair və dramaturqların əsərləri Azərbaycan bəstəkarlarının yalnız musiqili-səhnə əsərləri deyil, simfonik janrda yazılmış monumental əsərlər üçün də  mövzu olub.

Sonda Elbrus İsayev qonaqlara iştirakı üçün təşəkkürünü bildirib və  hədiyyələr təqdim edib.

Qeyd edək ki, konfrans Sənətşünaslıq, Bəstəkarlıq sənəti, Naxçıvan mədəniyyəti, Musiqi ifaçılığı adı altında 4 bölmədə işini davam etdirib. Bölmələrdə ümumilikdə 71 mövzu üzrə çıxışlar dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.