Naxçıvan Dövlət Universitetində “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, tarixboyu Naxçıvan xalçaçılıq məktəbinin nümunələri özünəməxsus ornamentləri ilə fərqlənib, müxtəlif yazılı mənbələrin məlumat obyektinə çevrilmiş Naxçıvan xalçaları xalqın maddi-mədəni irsinin formalaşmasında mühüm rol oynayıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb. Rektor bugün təqdimatı keçirilən kitabı müvafiq dövlət proqramı istiqamətində mühüm töhvə olaraq dəyərləndirib.

Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev elmi məsləhətçisi və elmi redaktoru olduğu kitabın ön sözündə müəllif haqda fikirlərini belə vurğulayıb ki, Ləman Məmmədova çoxlu elmi məqalə, monoqrafiya, dərs vəsaiti, tədris-metodik vəsaitlər, proqramlar kimi elmi materialların, eyni zamanda incə zövqlü xanım rəssam kimi təsviri sənətin bir çox sahələrinin bacarıqlı sənətkarıdır. Ləman müəllim özünün rəngkarlıq əsərlərində təsvir edilən xalçaların çeşidləri, milli xüsusiyyətləri, ərazi-məkan ənənələri, rəng koloriti, yaranma tarixi və növünü bacarıqla nümayiş etdirib.

Kafedranın baş müəlimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva kitab haqda məlumat verərək bildirib ki, dərs vəsaitində xalçaçılıq tarixi, xalçaçılıq texnikası, xalça növləri və xalça məmulatları, onların ideya-bədii xüsusiyyətlərinin inkişaf mərhələləri, xalça sənəti məktəbləri haqqında məlumat verib. Vurğulanıb ki, İncəsənət fakültəsinin bakalavr, magistr, həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan dərs vəsaiti tədqiqatçıların və görkəmli alimlərimizin Azərbaycan xalçaçılıq sənətinə dair çoxillik tədqiqatları, dəyərli əsərləri əsasında tərtib edilib.

Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, kitabda Dekorativ tətbiqi incəsənət, Azərbaycanda dekortaiv tətbiqi sənət növləri, Azərbaycan xalçaçılıq tarixindən, Xalçaların təsnifatı, Azərbaycan xalçaçılıq məktəbləri və məşhur xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığından məlumat verilir.

Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtib etdiyi xalçaçılıq kompozisiyasına baxış olub.