Naxçıvan Dövlət Universitetində Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun 100 illik yubileyi qeyd olunub
Universitetin İncəsənət fakültəsində Cahangir Cahangirovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov Musiqinin tarixi və nəzəriyyəsi və Xalq çalğı alətləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən konfransı yüksək qiymətləndirib.
Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Aynur Qasımova “Cahangir Cahangirovun yaradıcılığının ümumi xasiyyətnaməsi” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirov özünəməxsus yaradıcılıq üslubu ilə musiqi mədəniyyəti tarixində böyük iz qoyub. Görkəmli bəstəkar dahi Üzeyir Hacıbəyovdan dərs alıb, xalq musiqi sənətini, muğamlarımızı dərindən öyrənib. Vurğulanıb ki, Avropa və rus klassiklərinin ənənələrini mənimsəyərək, eyni zamanda Azərbaycan klassik opera ənənələrindən bəhrələnən Cahangir Cahangirov öz əsərləri ilə milli opera musiqisini yeni janr və obrazlarla zənginləşdirib.
“Cahangir Cahangirovun irihəcmli əsərlərində səciyyəvi keyfiyyətlər” mövzusunda çıxış edən Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti İnara Məhərrəmova bildirib ki, bəstəkar bütün yaradıcılığı boyu müxtəlif janrlara müraciət edib, lakin xor musiqisinə daha çox üstünlük verib. Bildirilib ki, lirik nəqledicilik və xor səsləndirməsinin fərdiliyi Cahangirov musiqisinin üslub xüsusiyyətlərini fərqləndirən cəhətlərdən biridir. Vurğulanıb ki, bəstəkarın irihəcmli əsərlərindən olan xor, solistlər, və simfonik orkestr üçün yazdığı “Füzuli” kantatasıdır.
Musiqi təlimi kafedrasının baş müəllimi Sevinc Musayeva “Cahangir Cahangirovun vokal yaradıcılığı”, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyə Məmmədova “Cahangir Cahangirovun opera yaradıcılığı”, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Nərmin Qasımova “Cahangir Cahangirovun kino musiqisi” mövzusunda məruzə ediblər.
Sonra Cahangir Cahangirovun tələbəsi olmuş Orkest alətləri və drijorluq kafedrasının dosenti Validə Hüseynova dahi bəstəkardan dərs aldığına görə qurur duyduğunu ifadə edib, onunla bağlı xoş xatirələrini bölüşüb.
Sonda tədbirin bədii hissəsində bəstəkarın “Aylı gecələr”, “Yenilməz batalyon” kinofilmindən Teymurun mahnısı, “Dəli Kür” kinofilmindən “Bayatılar” daha sonra Tələbə teatr studiyasının rəqs qrupu ilə birgə hazırlanan Cahangir Cahangirovun mahnılarından ibarət kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.