Naxçıvan Dövlət Universitetində “Beynəlxalq abidələr və tarixi yerlər günü” qeyd edilib

Naxçıvan Dövlət Universitetində “Beynəlxalq abidələr və tarixi yerlər günü” qeyd edilib

Ali təhsil ocağının Tarix-filologiya fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov bildirib ki, abidələrin qorunub saxlaması, mühafizə olunması üçün UNESCO 1983-cü ildə qərar qəbul edib. Qeyd olunub ki, bu qərara əsasən hər bir xalqın, millətin milli tarixini özündə əks etdirən tarixi abidələrin qorunması, gələcək nəsillərə çatdırılması əsas məqsəd kimi götürülüb.

          Azərbaycan Respublikasında tarixi-mədəni irsimizin qorunub saxlanması mövzusunda çıxış edən “Müzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Məmməd Əliyev bildirib ki, hər bir xalqın tarixinin yaşadılmasında memarlıq və tarixi arxeoloji abidələrin mühüm əhəmiyyəti vardır. Diqqətə çatdırılıb ki, arxeoloji abidələrin qorunması ilə bağlı olaraq 1993-cü ildən etibarən Azərbaycanda silsilə şəkildə aktlar qəbul olunur və nəticədə  bu abidələr keçmişimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

          “Müzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının baş müəllimi Zenfira Seyidova “Tarix və mədəniyyət abidələrinin sosial funksiyaları” adlı çıxışında vurğulayıb ki, respublikamız saysız-hesabsız memarlıq abidələri və  turizmin inkişafı üçün tarixi abidələr ilə zəngindir. Xalqın tarixi keçmişi, bu günkü əqidəsi ilə bağlı dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi üçün tariximizə sahib çıxmaqla əlaqədar bəzi məqamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

          Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə I kurs tələbəsi İnci Nəbiyeva tarixi abidələrimizin təbliğində gənclərin rolundan danışıb.

Leave a Reply

Your email address will not be published.