Naxcıvan Dövlət Universitetində  Beynəlxalq Ana Dili günü qeyd edilib

Naxcıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili günü qeyd edilib

Naxcıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində Beynəlxalq ana dili gününə həsr olunmuş elmi-nəzəri seminar keçrilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan dilinin inkişafı və qrammatikasından, dilin bir millətin, xalqın həyatında önəmindən danışıb. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən qeyd edilir. Vurğulanıb ki,  ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparıb, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Vurğulanıb ki, ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsidir. Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir. Rektor gəncləri dilimizin saflığını qorumağa səsləyib.

“Müasir Azərbaycan dilinin aktual problemləri” mövzusunda çıxış edən “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova türk dilərinin tarixindən danışıb. Bildirilib ki, dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Vurğulanıb ki, məhz buna görə də dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi qarşıda duran mühüm məsələlər sırasındadır.

Tədbirdə tələbələrin ana dilimizə həsr olunmuş şeirlərin bədii qiraəti dinlənilib.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.