
Naxçıvan Dövlət Universitetində “Beynəlxalq Duzdağ araşdırmaları” konqresi keçirilib
Plenar iclası giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun və Duzdağın böyük əhəmiyyəti olub. Bildirilib ki, Naxçıvanın simvollarından biri hesab edilən, təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağ qədim diyarımızda ilkin şəhər mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Ölkəmizdə təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınan bu dağdan hələ min illər əvvəl, Nuh Peyğəmbər dövründən duz çıxarılıb, Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə duz yolu vasitəsilə bu nemət daşınıb. Vurğulanıb ki, Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Rektor bugünkü mövzunun aktuallığından danışaraq gələcəkdə doktorant və dissertantların bu istiqamətdə aparacaqları elmi tədqiqat işlərinin vacibliyindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olduğunu diqqətə çəkən akademik vurğulayıb ki, Duzdağ olmadan Naxçıvanı öyrənmək, iqtisadi, mədəni hətta ictimai-siyasi qiymət vermək çox çətindir. Bildirilib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə aparılan arxeoloji tədqiqatların davamı kimi “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi keçirilib, “Naxçıvan Duzdağı” adlı yeni, nəfis şəkildə nəşr olunan elmi kitab işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvana həmişə böyük maraq olub, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, bizim eradan əvvəl V-III minilliklərə aid maddi-mədəniyyət nümunələri aşkar edilib, tarixi əhəmiyyət daşıyan nəticələr əldə olunub. Müəyyən edilib ki, Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Burada duz mədən üsulu ilə eramızdan əvvəl V minillikdən çıxarılmağa başlanılıb. Akademik qeyd edib ki, bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, daşınması, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşmə işinin inkişafına təkan verib. Duzdağ Naxçıvanda şəhərtipli mədəniyyətin əsasında dayanan ən mühüm amil olub.
İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma dünyada ən çox duz istehsal edən ölkələrin adlarını sadalayıb. Vurğulanıb ki, Türkiyənin Çankırı Duz Mağarası Türkiyənin ən çox qaya duzu çıxarıldığı bölgələrdəndir. Eyni zamanda bu duz mağarasının muxtar respublikada olan Duzdağı ilə bərabər tənəffüs yolu xəstəliklərinin müalicəsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Qardaş ölkənin rektoru birgə konfransların önəmini diqqətə çəkib, ortaq elmi tədqiqatların, akademik elmi araşdırmların əhəmiyyətindən danışıb.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bildirib ki, diyarımızın qədim tarixini və mədəni potensialını özündə cəmləşdirən Duzdağ həm də özünün şəfaverici xüsusiyyətinə görə tanınır. 1979-cu ildə yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Vurğulanıb ki, son illərdə muxtar respublikamıza gələn yerli və xarici turistlərin ən çox ziyarət etdikləri ünvanlardan biri olan Duzdağı, hətta müalicə səbəbi olmadan gəlib-görmək istəyənlərin də sayı çoxalıb.
Konqres “Duzdağın kimyası və müalicəvi əhəmiyyəti, “Sosial, iqtisadi və mədəni təsirdə Duzdağ”, “Duzdağ və ətrafının florası” adlı 3 bölmədə davam edib.