Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Vurğulanıb ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən xəbər verir. Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Həmçinin diqqətə çatdırılıb ki, təhsil işçilərinin əmək haqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlardır. Rektor Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətova, Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Mirakif Seyidov diqqqətə çatdırıblar ki, muxtar respublikamızda müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
“İngilis dili müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi, Prezident təqaüdçüsü Zübeydə Zeynalova öz çıxışında qeyd edib ki, muxtar respublikada müəllimlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bugün o yüksək balla məhz həmin peşəni seçərək Prezident təqaüdünə layiq görülüb.
Tədbirin bədii hissəsində rejissoru Gülxarə Əhmədovaya məxsus C. Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesi əsasında səhnələşdirilmiş “Açıq dərs” səhnəciyi nümayiş etdirilib.
Sonra tələbələrin ifasında bədii qiraət, “Bayatı Şiraz” muğamı, E. Sabitoğlunun “Sən olmuşam”, T. Quliyevin “Sənə də qalmaz” mahnıları səsləndirilib.
“Müəllim”, “Müəllim ömrü”, “Əziz müəllimim” musiqiləri, İncəsənət fakültəsi, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət “Nəqşicahan” instrumental ansamblının ifaları tədbiri daha yaddaqalan edib.