Naxçıvan Dövlət Universitetində “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunan tədbir keçirilib

Ali təhsil ocağında 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda dekorativ, rəngkarlıq, qrafika, tətbiqi sənət nümunələrinin əks olunduğu sərgiyə baxış olub.

Fakültənin akt zalında davam edən görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin  rektoru Elbrus İsayev çıxışı zamanı qeyd edib ki, ümummili lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirən rektor vurğulayıb ki, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.   Ali təhsil müəssisəsində kadr hazırlığının həyata keçirilməsində müəllimlərin əvəzsiz rolundan söz açan Elbrus İsayev əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışında vurğulayıb ki,  muxtar respublikamızda müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Qeyd edilib ki, təhsil sistemimizin hərtərəfli qayğıyla əhatə olunması dövlətin öz gələcəyini daha etibarlı və işıqlı görmək əzmindən xəbər verir. Əziz Qasımov müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını vurğulayıb.

Müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandıran Mətbuat tarixi ixtisası üzrə I kurs magistrant Muxtar Rzazadə müəllim adının bütün zamanlarda   uca və müqəddəs sayıldığını bildirib və bu adın şərəfini daima  yüksək tutduğuna, ölkəmizin inkişafı naminə hazırlıqlı kadrlar yetişdirdiyinə görə bütün müəllimlərə minnətdarlıq edib.

Sonda tələbələrin bədii qiraəti, ifa olunan musiqi nömrələri tədbiri daha yaddaqalan edib.

Xatırladaq ki, 5 oktyabr tarixi 1994-cü ildən YUNESKO tərəfindən Umumdünya Müəllimlər Günü kimi təsis edilib.

Leave a Reply

Your email address will not be published.