Naxçıvan Dövlət Universitetində Beynəlxalq poeziya günü qeyd edilib

Beynəlxalq poeziya günü ilə əlaqədar Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Heydərbabadan haray salıb sənə ömür salaq” adlı ədəbi-bədii gecə təşkil olunub. Universitetin rektoru Elbrus İsayev poeziya gününün tarixinə nəzər salıb. Bildirilib ki, şeirin oxunmasını, yazılmasını, nəşrini və tədrisini bütün dünyada təbliğ etmək məqsədini daşıyan tarixi gün YUNESKO tərəfindən 1999-cu il 21 martdan etibarən qeyd olunur. Vurğulanıb ki, poeziya sənətini təbliğ etmək, şeiri insanlara sevdirmək, xalqları ədəbiyyatın bu janrı ilə bir-birinə yaxınlaşdırmaq məqsədini daşıyan tarixi gün Azərbaycanda 2007-ci ildən etibarən qeyd olunur. Rektor muxtar respublikada da poeziyaya, şeir, sənət adamlarına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi–tədqiqat sahəsində Naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Elbrus İsayev şeirə, sənətə dəyər verən hər kəsi təbrik edib, belə tədbirlərin davamlı olmasını arzulayıb.

Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov qeyd edib ki, auditoriya genişliyi və rəngarəngliyi ilə seçilən tədbirdə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbələri, AMEA Naxçıvan bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu, Naxçıvan Radiosunun əməkdaşı, şair-jurnalist Təranə Arifqızı, orta məktəb şagirdləri də iştirak edir.

Fərqli formatda təqdim olunan tədbirdə iştirakçılar M.H. Şəhriyarın “Heydərbabaya salam” poemasını bədii qiraət ediblər. Tədbirdə ali təhsil ocağının əcnəbi tələbələrinin də şairin şeirlərini bədii qiraət etməsi tədbiri daha yaddaqalan edib.

Həmçinin ədəbi-bədii gecədə ölməz şairin yaradıcılığından digər ədəbi nümunələr də səsləndirilib. Naxçıvan Radiosunun əməkdaşı, şair-jurnalist Təranə Arifqızı Şəhriyarsayağı yazdığı “Təndirçörəyi” şeirini səsləndirib.

Sonda ssenari müəllifi universitet Elmi Kitabxanasının müdiri Fariz Əhmədov, operatoru Sərxan Əliyev olan nisgilli şairin keşməşkeşli həyatını özündə əks etdirən videoçarx tədbir iştirakçılarında yaddaqalan təəssürat oyadıb. Qeyd edək ki, videonun mətnini Naxçıvan televiziyasının əməkdaşı, Yaqub İsayev səsləndirib.