Naxçıvan Dövlət Universitetində “Bilik piramidası” yarışı uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetində “Bilik piramidası” yarışı uğurla yekunlaşıb

Ali təhsil ocağında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bilik piramidası” yarışmasının qalibləri mükafatlandırılıb. 23-27 fevral tarixlərində keçirilən bilik yarışmasının yekun tədbirində Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilib, “Ümummilli lider Heydər Əliyev -100” adlı videoçarx nümayiş olunub.

          Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində universitetimizdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə hazırlanmış müsabiqəni yüksək qiymətləndirib. Bildirilib ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir. Rektor qeyd edib ki, Ulu öndər Heydər Əliyev bir neçə dəfə Naxçıvan Dövlət Universitetində olub, universitetin statusunda və  inkişafında dahi şəxsiyyət ümummilli liderin əvəzsiz rolu olub.

          Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov  bildirib ki, layihə ümumilli lider Heydər Əliyevin həyat və yaradıclığının, Azərbaycanın zəngin milli və mənəvi dəyərlərinin, birinci Qarabağ müharibəsi və Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığının təbliği məqsədini daşıyır.    

          “Bilik piramidası” yarışmasının layihə rəhbəri, Fizika ixtisası üzrə III kurs tələbəsi Sədi Zeynalov yarış haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihə ilk mərhələ, yarımfinal və final olmaqla 3 mərhələdən ibarət olub.

Qeyd edək ki, muxtar respublika ali təhsil müəssisələrindən ümumilikdə 125 nəfərin qatıldığı oyunlarda 25 tələbə yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

4 gün davam edən müsabiqənin finalında Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nigar Babayeva I yerin sahibi olub.

 Naxçıvan Müəllimlər İnstitunun tələbəsi Zəhmət Hüseynov II, “Naxçıvan” Universitetinin tələbəsi Həsən Məmmədov isə III yerə layiq görülüb.  

          Sonda yarışın qalibləri mükafatlandırılıb və hesabat videoçarxına baxış olub. 

Leave a Reply

Your email address will not be published.