Naxçıvan Dövlət Universitetində “Bir gün tələbə” adlı layihə uğurla yekunlaşıb

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında keçirilən açılış tədbirində universitetin tanıtım və ötən il həyata keçirilən eyni adlı layihənin videoçarxına baxış olub.

Giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev ötən ildən etibarən bu cür layihələrin uğurlu icrasından danışıb. Bildirilib ki, layihənin məqsədi muxtar respublika şagirdlərinin universitet, tələbə mühiti ilə tanış olması, həmçinin məktəblilərin ali təhsil müəssisəsinə qəbul prosesi dövründə onlarda ruh yüksəkliyi yaratmaqdan ibarətdir. Universitetin beynəlxalq əlaqələri haqda geniş məlumat verən rektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, universitet nəinki ölkədaxili hətta xarici universitetlər arasında da sayılıb-seçilən ali təhsil müəssisələri sırasındadır. Startap, ikili diplom layihələrindən bəhs edən Elbrus İsayev universitet ərazisində istifadəyə veriləcək Texnopark haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, tələbələr gələcəkdə burada öz ideyalarını, layihələrini sərbəst şəkildə hazırlayıb, həyata keçirmək imkanı əldə edəcəklər. Rektor məktəbliləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara təhsil həyatında uğurlar arzulayıb.

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihə haqqında ümumi məlumat verib. Qeyd edilib ki, artıq ikinci dəfədir ki, baş tutan layihə şagirdlərin universiteti tanımaları, onların gələcək karyeralarını qurmaları istiqamətində mühüm əhəmiyyət daşıyır.

Naxçıvan şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova çıxışı zamanı təhsili, dünyagörüşü ilə fəqlənənən şagirdləri nümunə göstərib. Gələcəkdə onların arasından peşəkar müəllimlərin, həkimlərin, pedaqoqların, mühəndislərin çıxacağına əminlik ifadə olunub.

Baytarlıq ixtisası üzrə I kurs tələbəsi Əzizə Məmmədova ötən il baş tutan “Bir gün tələbə” layihəsində iştirak etdiyini və ona ixtisas seçimində bu layihənin dəstək olduğunu bildirib. Bir vaxt şagird kimi gəldiyi ali təhsil ocağının tələbəsi olmaqdan qürur duyduğunu diqqətə çatdırıb.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayşən Qəribli məktəblilər adından çıxış edərək, layihə təşkilatçılarına minnətdarlığını bildirib.

Beynəlxalq münasibətlər və Hüquq fakültəsində olan şagirdlər fakültənin bazasında yaradılan və “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələrin öz elmi-siyasi, diplomatik və ən əsası dövlətçilik biliklərinin artırılması üçün nəzərdə tutulan Diplomatiya Mərkəzində olub, “Hüquq” ixtisasının tələbələri üçün yaradılan və müasir texniki vasitələr ilə təchiz edilən “Kriminalistika” laboratoriyasının iş imkanları ilə tanış olublar. Memarlıq və mühəndislik fakültəsində şagirdlərə sxemotexnika və kodlaşdırma ilə də məşğul olan və fakültənin gələcək perspektivlərində mühüm əhəmiyyət daşıyan “Robototexnika” kabinəsinin fəaliyyəti haqda ətraflı məlumat verilib. Xarici dillər fakültəsi Sinxron tərcümə mərkəzində olan məktəblilər linqafon kabinələrin iş prinsipi ilə də tanış olublar. Tədrisi ingilis dilində aparılan “İqtisadiyyat” ixtisasında keçirilən dərs prosesi şagirdlərdə xüsusi maraq oyadıb. Pedaqoji fakültənin “Atıcılıq mərkəzində” olan məktəblilər atıcılıq qaydaları və üsullarını öyrəniblər.

Qeyd edək ki, universitetin Sosial mərkəzində olan şagirdlər tənəffüs vaxtını da səmərəli keçiriblər.

Sonda anket sorğuda iştirak edən məktəblilər xoş təəssüratlarla universitetdən ayrılıblar.