
Naxçıvan Dövlət Universitetində Covid 19: “Reallıqlar və profilaktika” adlı vebinar keçirilib
Naxçıvan Dövlət Universitetində Covid 19: “Reallıqlar və profilaktika” adlı vebinar keçirilib. Vebinar webex platforması və universitetin rəsmi facebook (ndu.edu.az) səhifəsi üzərindən canlı yayımlanıb.
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin V kurs tələbəsi Nərgiz Babayeva “Covid 19: mənşəyi, etiologiyası, yayılması” adlı çıxışında qeyd edib ki, koronavirus adi soyuqdəymə əlamətlərindən Yaxın Şərq Respirator Sindromu ve Şiddətli Kəskin Respirator Sindrom kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Səthlərində çubuqşəkilli çıxıntılara malikdirlər. Bu çıxıntılar Latın dilində “tac” mənasını verən “corona” sözü ilə adlandırılaraq viruslara Koronavirus (taclı virus) adı verilib.
“Covid 19: kliniki əlamətləri və differensial diaqnostikası” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin həkim –rezidenti Səidə Novruzova qeyd edib ki, infeksiyanın əsas göstəriciləri tənəffüs simptomları, hərarət, öskürək və təngnəfəslikdir. Bu yoluxma hadisələri qızdırma, təngnəfəslik və ikitərəfli ağciyər pnevmoniya infiltrasiyası ilə müşahidə olunub və indiyə qədər bildirilən ölüm halları daha çox yaşlı şəxslərdə olub.
Təcili Tibb Mərkəzinin baş həkimi Vüsal Əliyev “Covid 19 –laborator diaqnostikası” adlı çıxışında vurğulayıb ki, COVID-19 xəstələrin dəyərləndirilməsində klinik və laborator parametrlər daha həssasdır. Ağciyərlərin kompyuter tomoqrafiyası, testi neqativ COVID-19 xəstələrində, erkən dövrdə həssas radioloji müayinə metodudur. Təsdiqlənmiş COVID-19 yüngül simptomları olan ancaq ağırlaşma riski olmayan xəstələr və COVID-19 testi neqativ, ancaq yüngül simptomlu xəstələrə KT müayinəsi məsləhət görülmür. Klinik simptomlarda ağırlaşma, COVID-19-un proqressiyası, pulmonar emboliya və ya əlavə olaraq bakterial pnevmoniya kimi ikincili kardiopulmonar anormallıqlar və ya COVID-19-un miokardı zədələməsinə bağlı olaraq ikincili ürək çatışmazlığını dəyərləndirmək üçün KT müayinəsi məsləhət görülür.
“Covid – 19: şüa diaqnostikası” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkim radioloqu Aysel Quliyeva koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedişi, nisbətən yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. COVİD-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və s. bu kimi vacib məsələlər haqqında danışan həkim koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, ”Buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evdə müalicə edərək ağırlaşan şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağciyərdə baş verən dəyişikliklər haqda ətraflı məlumat verib.
Naxçıvan Dövlət Universitetinin həkim-rezidenti Şölə Quliyeva “Covid 19: ambulator müalicəsi” adlı çıxışında qeyd edib ki, COVID – 19 diaqnozlu xəstələrin müalicəsi hal-hazırda olkəmizdə iki istiqamətdə həyata keçirilir, ambulator və stasionar şəkildə. Ambulator xəstələrin müraciətlərində, əsasən yüksək hərarət, öskürək, boğazda qıcıqlanma, əzələ – oynaq ağrıları, ümumi halsızlıq qeyd edilir. Ümumiyyətlə, xəstəliyin simptomları adətən xəstəlik günü ilə uyğunluq göstərir. Xəstəliyin 2 – ci həftəsi daha ciddi diqqət edilməsi lazım olan həftədir. Bildirilib ki, test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər. Yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərlərin yoluxma təhlükəsini azaldıb. İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır.
Naxçıvan Muxtar Respublikası Xəstəxanası Pulmonologiya şöbəsinin müdiri Dilarə Baxşəliyeva “Covid – 19: stasionar müalicəsi” adlı çıxışında qeyd edib ki, daha ciddi simptomları – məsələn, hərəkətlə artan və ya sakitlik zamanı yaranmış təngnəfəslik, bogulma, saturasiyanın düşməsi halları qeyd edilən xəstələr stasionar müşahidəyə alınır. Xəstəliyin, xüsusilə, virus infeksiyası olduğu unudulmamalıdır. Viruslar antibiotiklərlə müalicə edilmir. Əgər koronavirusun müalicəsi antibiotiklərlə mümkün olsaydı, bugün pandemiya qorxulu xəstəlik olmaqdan çıxardı. Ehtiyac və göstəriş olmadan antibiotiklərlə müalicəyə başlanması, profilaktik məqsəd adı altında qəbulu yolverilməzdir. Virus infeksiyaları antiviral preparatlarla müalicə olunur. Vurğulanıb ki, xəstənin günlük izlənməsi, yaranmış hər bir kiçik simptomun arasdırılması, immun cavabının balanslaşdırılması ən önəmli müalicə taktikasıdır.
“Covid 19: profilaktikası, vaksinasiya” adlı çıxışında Naxçıvan Dövlət Universiteti “Müalicə işi” ixtisası üzrə IV kurs tələbəsi Suada Vahabova bildirib ki, vaksinin yaradılması ancaq başlanğıcdır və əsas məsələ isə onun uğurlu tətbiq edilməsidir. Vaksinin yüksək effektivliyi 80-90 faizdir. Heç bir vaksin 100 faizli mütləq nəticəyə zəmanət vermir. Vaksinə qoyulan tələblər yalnız onun effektivliyini deyil, həm də maksimum təhlükəsizliyini təmin etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.