Naxçıvan Dövlət Universitetində “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şükür Məmmədovun “Dövlət və hüquqi təlimlər” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Təqdimatı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev dərs vəsaitinin elmi əhəmiyyətini önə çəkib. Qeyd edilib ki, “Dövlət və hüquqi təlimlər” həm də tədris fənni və elm sahəsi olub nəzəri və tarixi təmayüllüdür, hüquq nəzəriyyəsi, hüquq və dövlət tarixi kimi elmlərlə əlaqəlidir. Böyük tədqiqat işi və tarixi faktlarla zəngin bir mövzunu əhatə etdiyinə görə rektor müəllifi bu münasibətlə təbrik edib və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Fakültənin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov bildirib ki, ali məktəb tələbələri və magistrləri üçün nəzərdə tutulan dərs vəsaitində qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər dünyanın müxtəlif regionlarında meydana çıxan dövlət və hüquqi təlimlər nəzərdən keçirilir, onların başlıca cəhətləri, meydana gəlmə xüsusiyyətləri, müasir dövrlə səsləşən məqamları təhlil edilir. Vurğulanıb ki, kitabda qədim dövrdə dövlət və hüquqi təlimlərə yer verilib həmçinin müxtəlif xalqların hüquqi təlimləri, Azərbaycan tarixində özünəməxsus xidmətlər göstərən ziyalıların siyasi görüşləri təhlilə cəlb edilib. Diqqətə çatdırılıb ki, müəllif dövlət və hüquqi təlimlər fənnini öyrənmək üçün istifadə edilən metodlar haqda ətraflı məlumat verib.

Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov qeyd edib ki, kitab həm də dövlətçilik, idarəçilik və hüququn tarixi ilə maraqlanan oxucu kütləsi üçün də nəzərdə tutulub. Burada məqsəd oxucuları keçmiş zamanlardan zəmanəmizə qədərki dövrdə dövlətçilik və hüquq haqqında ən diqqətəlayiq təlimlərlə tanış etmək onların elmi və nəzəri səviyyəsinin yüksəlməsinə yardım etməkdir.

Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir-deyən müəllif  universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.