Naxçıvan Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilib

Ali təhsil ocağında keçirilən bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru Elbrus İsayev Həmrəylik Gününün yaranma tarixi barədə ətraflı məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci ilin 16 dekabr tarixində xalqımızın ulu öndəri Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Rektor Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu siyasətin uğurla daha da inkişaf etdiyini və bunun sayəsində bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirib. Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin böyük Zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib”, – deyə rektor vurğulayıb. Elbrus İsayev Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik edib, qarşıdan gələn 2022-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirib. Rektor hər kəsi Yeni ilə yeni arzu, diləklərlə daxil olmağa, hər bir gənci əsl Azərbaycan vətəndaşı kimi milli-mənəvi dəyərlərimizin fəal təbliğatçısı olmağa səsləyib.

Rejissoru və ssenari müəllifi Gülxarə Əhmədovaya məxsus olan tədbirdə universitetin bütün fakültələrinin tələbələri bir-birindən maraqlı bədii qiraət, musiqi, rəqs nömrələri ilə çıxış ediblər. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovanın rəhbərliyi altında universitetin Orkestr alətləri kafedrası nəzdində yeni yaradılmış “Xarı bülbül” vokal qrupunun, Xalq Çalğı Alətləri kafedrasının “Dəf” nağaraçalanlar ansamblının ifaları tədbirdə xoş ovqat yaradıb.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin tələbələrinin də maraqlı musiqi və rəqs nömrələri nümayiş olunub. Kollecin nəzdində fəaliyyət göstərən bədii rəhbəri Həsən Məmmədov olan “Nəqşicahan” ansamblı, Zeliha Hüseynəliyevanın bədii rəhbər olduğu rəqs qrupu, tələbələrdən ibarət vokal qızlar qrupu, kollecin müəllimi Samir İsmayılovun ifaları tədbirə xoş ab-hava bəxş edib.

Qeyd edək ki, bu tarixi gündə azərbaycanlılarla həmrəy, birgəlik nümayiş etdirən əcnəbi tələbələrin də bədii qiraəti, musiqi, rəqs nümunələri, Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi tədbirin rəngarəngliyinə səbəb olub.