Naxçıvan Dövlət Universitetində Elmi İşlərin yekununa dair hesabat yığıncağı keçirilib

Naxçıvan Dövlət Universitetində Elmi İşlərin yekununa dair hesabat yığıncağı keçirilib

Naxçıvan Dövlət Universitetində elmi əsərlərin sərgisi təşkil edilib. Universitetin İncəsənət fakültəsinin sərgi salonunda təşkil edilən tədbirdə professor-müəllim heyətinin kitabları, məqalələri, konfrans materialları, patentləri və tələbələrin startap layihələri nümayiş etdirilib.

Sonra akt zalında davam edən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitet hazırda 42 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Kafedra əməkdaşları 2016 – 2020-ci illər üçün universitet elmi şurası tərəfindən  təsdiq olunmuş layihəyə əsasən 16 elmi istiqamətlər üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər. Bu elmi istiqamətlər üzrə 280 əməkdaş 240 mövzu üzrə elmi tədqiqat işi yerinə yetirib.

Bildirilib ki, 2020-ci ildə universitet əməkdaşları tərəfindən  aparılan elmi-tədqiqat işlərinin mühüm nəticələri müəyyən olunaraq AMEA-nın İnstitutlarına, AMEA-nın Naxçıvan Bölməsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qurumlarına göndərilib. Universitetdə aparılmış elmi-tədqiqat işləri dövlət büdcəsindən maliyyələşdirmə və universitetin öz daxili imkanları hesabına yerinə yetirilib.

Vurğulanıb ki, universitetdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində laboratoriyaların geniş imkanlarından istifadə edilib. Belə ki, elmi tədqiqat işlərinin bir qismi -Üzvi kimya, Ümumi qeyri-üzvi kimya, Analitik kimya, Kimya texnologiyası, Fiziki və kolloid kimya, Elektrokimya və metallar kimyası, akademik Yusif  Məmmədəliyev adına elmi-tədqiqat, Əczaçılıq, Biokimya, İnsan və heyvan fiziologiyası, Fitoterapiya, Mikrobiologiya, Dəmir yollarının avtomatik idarə olunması, Elektronika, Fizika laboratoriyalarında yerinə yetirilib. Əczaçılıq və Biokimya laboratoriyalarında dərman bitkilərinin çıxarışları, ekstraktları, uçucu yağları və eyni zamanda arıçılıq məhsullarının ekstraktları və fəal birləşmələri alınıb. Həmçinin müxtəlif təbii mənşəli dərman preparatları hazırlanıb.

Rektor diqqətə çatdırıb ki, professor-müəllim heyətinin apardıqları elmi-tədqiqatların nəticələri əsasən universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Hər il  “Elmi əsərlər” jurnalının Humanitar elmlər, Fizika-riyaziyyat və Texnika elmləri, Təbiət və tibb elmləri, İctimai elmlər seriyalarını əhatə edən hər bir istiqamət üzrə 2 nömrə olmaqla 8 nömrəsi nəşr olunur. “Elmi əsərlər” jurnalının bütün seriyaları Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) ilə çap olunur. Bu jurnalların bütün nömrələri universitetin saytında yerləşdirilir. “Elmi əsərlər” jurnalının Humanitar elmlər seiyası üzrə 77, İctimai elmlər seriyası üzrə 34, Təbiət və tibb elmləri seriyası üzrə 48, Dəqiq elmlər seriyası üzrə isə 37 elmi məqalə çap olunub.

Elbrus İsayev bildirib ki, 2020-ci ildə universitet əməkdaşlarının 5 monoqrafiyası, 1 dərsliyi, 16 dərs vəsaiti, 27 metodik vəsaiti və proqramı,  404 elmi məqaləsi və 173 konfrans materialı çap olunub. Elmi məqalələrdən 331- i indekssiz, 66-ı isə xaricdə dərc olunub. Xaricdə dərc olunan məqalələrdən 35 beynəlxalq digər indeksli, 12 sahə indeksli, 7 Scopus, 12 Web of science  indekslənmə bazasına malikdir. Dərc olunan 174 konfrans materialından 94-ü respublika elmi konfransların, 80-i isə beynəlxalq konfransların payına düşür. Əməkdaşlarımızın bir qismi beynəlxalq jurnallarda hakimlik edən və redaksiya heyətində təmsil olunub.

Sonda universitetdə beynəlxalq indeksli jurnallarda məqalə çıxartma sayına görə fərqlənən kafedralar seçilib. “İnformatika”, “Bələdiyyə və turizm”, “Biologiya” ilin kafedraları seçilib. Universitet tərəfindən həmin kafedralara fəxri fərman təqdim edilib.