Naxçıvan Dövlət Universitetində “Elmi tədqiqatların müasir aspektləri” mövzusunda elmi-nəzəri seminar keçirilib

Seminarda Magistratura mərkəzinin direktoru Etibar Məmmədov “Magistr hazırlığı: müasir dövrün tələbləri” mövzusunda çıxış edərək bildirib ki, magistratura ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksək ixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəsisslərin hazırlığını təmin edən təhsil prosesidir. Qeyd olunub ki, magistr hazırlığının ən mühüm məsələsi dissertasiya işlərinin tələb olunan şəkildə yazılmasıdır. Nəzərə çatdırılıb ki, bu istiqamətdə magistr dissertasiyalarında mövzunun seçilməsi ən vacib məqamdır.

Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov “Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi və səmərəliyi” mövzusunda çıxışı zamanı vurğulayıb ki, elmi-tədqiqat işlərinin  təcrübəyə  tətbiqi  aparılan araşdırma  prosesinin son mərhələsi hesab olunur. Diqqətə çatdırılıb ki, tətbiq prosesi mütərəqqi ideyalar, ixtiralar və innovasiyaların  praktiki  istifadəsi  zamanı  əldə  olunan  uğurla  ölçülür.

“Elmi tədqiqatda şəxsi münasibət və motivasiya” mövzusunda  Təhsildə qiymətləndirmə və monitorinq ixtisaslaşması üzrə II kurs magistrant Sevinc Məmmədova, “Təhsil və elmi-tədqiqat proseslərinə təsir edən psixoloji amillər” mövzusunda Azərbaycan dili ixtisaslaşması üzrə II kurs magistrant Fatma Seyidli çıxış ediblər.

Sonda magistrantları maraqlandıran suallar cavablandırılıb.