
Naxçıvan Dövlət Universitetində Erasmus + LMQS Sante layihəsinin idarə heyətinin görüşü keçirilir
Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus + LMQS Sante layihəsi çərçivəsində ali təhsil ocağında layihənin idarə heyətinin görüşü keçirilir.
Ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək onlara ali təhsil müəssisəsinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib.
Görüşdə rektor müşaviri Rəcəb Cəfərli qonaqları salamlayaraq Naxçıvan Dövlət Universiteti barədə onları məlumatlandırıb.
Qeyd edilib ki, tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültənin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyaların qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda hətta onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.
Avropa Komissiyasının layihələr üzrə eksperti Jean Noel Pachoud göstərilən diqqətə görə Elbrus İsayevə minnətdarlığını bildirib.
Yunanıstanın Qərbi Attika Universiteti, Qazaxıstan Cənub Tibb Akademiyası, Qazax-Rus Tibb Universiteti, Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və digər tərəfdaş təhsil ocaqlarından ümümilikdə 13 nəfərdən ibarət heyətin iştirak etdiyi 4 gün davam edəcək görüşdə layihənin idarəedilməsi, büdcəsi müzakirə ediləcək, görülən işlər və maliyyə məsələləri barədə tərəfdaş universitetlərin hesabatları dinləniləcək.
Qeyd edək Naxçıvan Dövlət Universitetində Erasmus + LMQS Sante layihəsi çərçivəsində Ustadlıq mərkəzinin açılışı nəzərdə tutulub.