Naxçıvan Dövlət Universitetində Fizika, Astronomiya və Riyaziyyatın aktual problemləri mövzusunda respublika elmi konfransı keçirilib
Naxçıvan Dövlət Universitetində keçirilən konfransda Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək qeyd edib ki, konfransın məqsədi Fizika, Astronomiya və Riyaziyyatın əsas istiqamətləri ilə bağlı aktual elmi müzakirələr aparmaq, əldə ediləcək elmi-nəzəri nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən, həmçinin kosmik fəzanın elmi cəhətdən öyrənilməsinə nail olmaqdan ibarətdir.
Elmi konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti gündəmdədir. Rektor elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək bu cür tədbirlərin əhəmiyyətini önə çəkib. Bildirilib ki, ali təhsil ocağında bakalavr üzrə Fizika və Fizika müəllimliyi, magistratura üzrə Fizika fənninin tədrisi, metodikası və metodologiyası, Yarımkeçiricilər fizikası, doktorantura üzrə isə Nəzəri fizika, Yarımkeçiricilər fizikası, Bərk cisimlər fizikası ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Elbrus İsayev bu ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq laboratoriyalarda keçdikləri təcrübi dərslərin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirə onlayn qatılan AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev Günəş sistemində naməlum planet problemi mövzusunda çıxışında planentlərin kəşfindən danışıb. Qeyd edilib ki, Günəş sistemində axırıncı böyük planet olan Neptun 1846-cı ildə fransız və ingilis alimləri tərəfindən kəşf olunub. Növbəti planetin axtarışına 170 ilə yaxın vaxt sərf olunsa da, bu sahədə müsbət nəticə əldə edilməyib. Bu nəzəriyyəyə görə növbəti planet Günəşdən təxminən 150 milyon kilometrə bərabərdir ki, planet bu məsafədə böyük meyil bucağı altında hərəkət edir. Bildirilib ki, planet komet sistemində müəyyən təlatümlər yaradır ki, onların da aşkar edilməsi üçün müəlliflər tərəfindən riyazi alqoritmlər işlənib. Professor diqqətə çatdırıb ki, araşdırmalara əsasən planetin kütləsinin Yerin kütləsinə nisbətən bir neçə dəfə böyük olması ehtimal olunur.
Konfransda onlayn çıxış edən “Dəyişən dərəcəli funksional fəzalarda qeyri-xətti hiperbolik tənliklərin qlobal həllinin varlığı və yoxluğu” mövzusunda Differensial tənliklər şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev qeyri-xətti hiperbolik operatorlar üçün birtərəfli məsələlərin qlobal həll olunması şərtlərini müəyyən edib. Professor qeyri–xətti hiperbolik tənliklər üçün Koşi məsələsinin və qarışıq məsələnin həll olunması və keyfiyyət nəzəriyyəsinin tətbiqi üçün üsullar haqqında ətraflı məlumat verib.
Elmi konfransa onlayn qoşulan Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümumi fizika kafedrasının dosenti, fizika elmləri doktoru Aydın Ələkbərov “Fizikanın müasir problemləri” mövzusunda çıxışında qeyd edib ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti yaranıb. Bildirilib ki, təbiət haqda elm olan fizikanın qanunauyğunluqları təbiətdə baş verən bütün hadisələrin, canlı və cansız materiya ilə qarşılıqlı əlaqələrin öyrənilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayır.
Naxçıvan Dövlət Universiteti Ümumi və nəzəri fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov Yerin forması və oxu ətrafında fırlanmasına dair bəzi qeydləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Çıxışda qeyd edilib ki, cismin çəkisi ağırlıq qüvvəsindən azdır, oxu ətrafında fırlanan massiv göy cisimlərində basıqlıq əmələ gətirir, fırlanma periodu azaldıqca basıqlıq artır.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
Konfrans Fizikanın aktual problemləri, Astronomiyanın aktual problemləri, Riyaziyyatın aktual məsələləri adlı 3 bölmədə öz işini davam etdirib.
Qeyd edək ki, konfransın bölmə iclaslarında Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası Milli Aerokosmik Agentlik, Ekologiya İnstitutu, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, AMEA Naxçıvan bölməsi, AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası, Naxçıvan Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları öz elmi məqalələri ilə çıxış ediblər.