Naxçıvan Dövlət Universitetində “Frankofoniya Günləri” çərçivəsində natiqlik müsabiqəsi keçirilib

Ali təhsil ocağının Xarici dillər fakültəsində keçirilən görüş zamanı Azərbaycan Fransız İnstitutunun direktor müavini Hakan (Conathan) Unlu Frankofoniya Günlərinin məqsədi və beynəlxalq strategiyası haqqında məlumat verib. Qeyd edilib ki, fransız dili tədrisinin daha genişləndirilməsi məqsədilə hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur. Bildirilib ki, Frankofoniya Günləri çərçivəsində kino, sərgi, natiqlik müsabiqəsi, konfranslar, məktəblərdə görüşlər  və digər tədbirlər təşkil olunur. Hakan (Conathan) Unlu universitetə 70-ə yaxın fransız dilli kitab hədiyyə edib.

Fransa, Litva və Mərakeşin Azərbaycandaki səfirləri münsiflər heyəti olaraq müsabiqəyə  onlayn qoşulduqdan sonra Azərbaycn Fransız dili İnstitutunun tələbələr arasında təşkil etdiyi natiqlik müsabiqəsinə start verilib. Müsabiqə yanlız hazırda Naxçıvan Dövlət Universitetinin Fransız dili ixtisasında bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Natiqlik müsabiqəsi 2 turda həyata keçirilib. 1-ci turda namizədlər 3 dəqiqəlik videoçəkiliş edib, redaktə etmədən, sabit planda qabaqcadan onlara verilən email ünvanına göndəriblər. Qeyd edək ki, 2-ci tur yəni final mərhələsində 5 ən yaxşı namizədin seçimi aparılıb. İştirakçılar final mərhələsində gender bərabərliyi, ətraf mühit, ekologiya, davamlı inkişaf, linqvistik müxtəliflik, Frankofoniyanın dəyərləri kimi mövzulardan birini seçərək həmin mövzu haqqında danışıblar. Bu mərhələdə namizədlərə öz çıxışlarını təqdim etmələri üçün 3 dəqiqə 30 saniyə vaxt verilib. Münsiflər heyəti iştirakçıların özlərini təqdim edib, mövzu haqqında çıxışlarına, söz bazası, sintaksis, tələffüz kimi şifahi ifadənin keyfiyyətinə və fikirlərin orjinallığı, nitqin təşkili, mövzuya münasibət kimi isə arqumentlərin keyfiyyətinə xüsusi diqqət yetiriblər.

Daha sonra münsiflər heyəti qalibi təyin ediblər.

Nəzərinizə çatdıraq ki, I yerdə qərarlaşan fransız dili müəllimliyi üzrə III kurs tələbəsi Sədaqət Babayeva cari ilin yayında uçuş, yaşayış yeri, yarım pansion, fəaliyyətlər daxil olmaqla Fransaya 2 həftəlik səyahət qazanıb. II yerə layiq görülən I kurs magistrant Aytac Ələkbərova Bakıda Azərbaycan Fransız dili İnstitutunda  pulsuz fransız dili dərsləri almaq imkanı əldə edib. III, IV və V yerlərə layiq görülən tələbələr isə TotalEnergies tərəfindən təklif olunan kitablar da daxil olmaqla bir çox hədiyyələrlə mükafatlandırılıblar.

Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışı zamanı münsiflər heyətinə müəllim və tələbələr adından minnətdarlığını bildirib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Məlumat üçün onu da bildirək ki, bu il, Frankofoniya günləri Frankofoniyanın gənclərə və onların istəklərinə, xüsusən də sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində dəstəyini vurğulamaq üçün “Gələcəyin frankofoniyası” mövzusu adı ilə qeyd olunur.