Naxçıvan Dövlət Universitetində futbol çempionatına start verilib

Naxçıvan Dövlət Universitetində futbol çempionatına start verilib

Naxçvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağında futbol çempionatının açılış mərasimi keçirilib. Yarış YAP Gənclər Birliyi, TGT, TEC, THT, 10 fakültə və Əcnəbi tələbələrdən 2 komanda olmaqla, ümumilikdə 16 komandanın iştirakı ilə baş tutub. Universitetin “Orkestr alətləri və dirijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin müşayiəti ilə “Vətən marşı” səsləndirilib.

Oyundan öncə universitetin rektoru Elbrus İsayev çıxış edərək universitetin idman sahəsindəki son əhəmiyyətli uğurlarından bəhs edib. Ali təhsil ocağının hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdıran – rektor bu cür idman tədbirlərinin həm tələbələrin fiziki sağlamlığı, həm də asudə vaxtlarının səmərəli təşkilində əvəzsiz rol oynadığını bildirib. Vurğulanıb ki, ali təhsil ocağında keçirilən idman məşğələlərində həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

TGT sədri, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov qeyd edib ki, tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb.

Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, yarışın baş hakimi Yusif Vəliyev yarışın qaydaları haqda danışandan sonra universitetin rektoruna raport verib.

İdmançılar stadiona “Orkestr alətləri və dirijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin müşayiəti ilə daxil olublar.

Qeyd edək ki, Tibb fakültəsinin tələbələri könüllülük fəaliyyəti ilə oyunlarda iştirak edib, oyunçuların tibbi yardım ehtiyaclarını qarşılayıblar.

YAP Gənclər birliyi və Əcnəbi tələbələrin hazırlıq kursu arasında keçirilən ilk oyun Əcnəbi tələbələrin hazırlıq kursunun idmançılarının 3- 1 hesablı qələbəsi ilə başa çatıb.