
Naxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Ulu Öndərin dəyərli fikirləri Naxçıvan Dövlət Universitetində 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Gənclərlə iş sahəsində Gənclər Təşkilatlarının rolu” adlı tədbirdə səsləndirilib.
Universitetin İncəsənət fakültəsinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bildirilib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının parlaq ifadəsidir. Elbrus İsayev 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetinə 32 nəfər gənc müəllimin işə qəbul edilməsini də bu sahədə görülən işlərin məntiqi davamı və gənclərə göstərilən yüksək etimadın bəhrəsi kimi qiymətləndirib. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, muxtar respublikamızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. Prorektor da tələbə-gəncləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov “Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqaməti kimi” adlı çıxışında vurğulayıb ki, bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli yer tutmalarının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Gənclər də onlara göstərilən hər bir qayğını dərindən dərk etməli və cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməlidirlər.
Universitetin Tələbə Gənclər Təşkilatı nəzdində İntellektual Oyunlar klubunun sədri Fərid Hacıyev, Tələbə Gənclər Təşkilatının nəzində Debat klubunun sədri Atilla Əsgərli, Təşkilatın nəzdində Kitab klubunun sədri Elmar İsgəndərov təqdimatla çıxış ediblər.