Naxçıvan Dövlət Universitetində “Gənclərin dini savadlılığının artırılması mövzusunda” seminar təşkil edilib

Naxçıvan Dövlət Universitetində “Gənclərin dini savadlılığının artırılması mövzusunda” seminar təşkil edilib

Ali təhsil ocağında “Gənclərin dini savadlılığının artırılması mövzusunda” tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq qeyd edib ki, gənclərin dini düşüncələrinin formalaşması və inkişafı baxımından bu kimi tədbirlərin xüsusi əhəmiyyəti vardır. Vurğulanıb ki, muxtar respublikada tarixi-mədəni irsin, eləcə də İslam dəyərlərinin layiqincə qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Bildirilib ki, dinin qoyduğu tələbləri yerinə yetirmək, din qanunlarından istifadə etməklə davranış və xarakterini formalaşdırmaq, ruhumuzun saflığı naminə dinin qarşımıza qoyduğu tələblərə əməl etmək hər kəsin etməli olduğu vəzifələrdir.

Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “Din-dövlət münasibətləri, fərqli inanclar və baxışlar” adlı çıxışında qeyd edib ki, din-siyasət münasibətləri dialektik və qarşılıqlıdır: hər biri digərini şəkilləndirməklə eyni zamanda digərindən təsirlənməkdədir. Dünyada mövcud olan dinlərdən ən sonuncusu və mükəmməlinin İslam dini olduğunu diqqətə çəkən agentliyin direktoru bildirib ki, İslam dini VII əsrin əvvəlində Ərəbistan yarımadasının mərkəzində – Məkkə və Mədinə şəhərlərində təşəkkül tapıb və tezliklə dünyanın böyük hissəsinə yayılıb. Vurğulanıb ki, gənclərin əxlaqi və mənəvi keyfiyyətlərinin artırılması üçün dinin düzgün təbliği önəmlidir.  Milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı “Qurani- Kərim” ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında din elmi şəkildə öyrənilir və təbliğ olunur. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən və onun mahiyyətini açan kitablar nəşr edilir. Vüqar Babayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada kifayət qədər məscid, dini abidələr vardır. Sovet hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikasında  78 məscid fəaliyyət göstərirdisə, muxtariyyətdən sonra bu say 213-ə qalxıb. Bundan əlavə 25-dən çox pir və ibadətgahlar da dinə etiqad edənlərin ziyarət yerinə çevrilib.  Vüqar Babayev gəncləri dini yalnış şəkildə təbliğ edən insanlardan uzaq olmağa və dini elmi şəkildə dərk edib öyrənməyə çağırıb. Tələbələrin suallarını cavablandıran Agentliyin direktoru dinə dair müxtəlif ədəbiyyatları universitetin Elmi Kitabxanasına hədiyyə edib.

Oxunması zəruri olan ədəbiyyatlardan – “Mister Hemferin xatirələri” əsərinin mövzusu, mahiyyəti və gənclərin dini savadlığının artırılmasında rolundan danışan  universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov əsərin gənc nəsil üçün faydalı cəhətlərinə toxunub və hər kəsi bu əsəri oxuyub ondan nəticə çıxarmağa səsləyib.