Naxçıvan Dövlət Universitetində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr edilmiş elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universitetində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi qeyd edilib. Universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 25 yanvar tarixində elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması haqda Sərəncamını diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin bani­si, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olma­sının 100 illiyi tamam olur. Vurğulanıb ki, fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olan alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb. Lütfi Zadənin dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdən olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğur­la fəaliyyət göstərməkdədir. Elbrus İsayev bildirib ki, azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulma­sında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.

Universitetin  “İnformatika” kafedrasının müdiri, baş müəllim Könül Məmmədova Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqda çıxış edib. Qeyd edilib ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir.

“Qeyri-səlis və Aristotel məntiqlərinin müqayisəsi” adlı çıxışında “Memarlıq və mühəndislik” fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov vurğulayıb ki, alimin qeyri-səlis çoxluqlar nəzəriyyəsi riyaziyyat elminin inkişafına yeni impuls vermiş fundamental nəzəriyyədir. Təsadüfi deyil ki, artıq riyaziyatın əksər sahələrində Lütfi Zadə məntiqinin ideyaları geniş tətbiq edilməkdədir. Professor vurğulayıb ki, Lütfi Zadə məntiqi digər mətiq modellərindən insan təfəkkürünü və düşüncə prosesini daha adekvat əks etdirməsi ilə fərqlənir. Alimin nəzəriyyələrinin əsas fəlsəfi mahiyyəti onların insan təfəkkürünü daha dürüst əks etdirməsindən və reallığa daha çox adekvat olmasından ibarətdir.

Ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov “Qeyri-səlis münasibət adi münasibətin ümumiləşməsi kimi” adlı çıxışını təcrübi sürətdə misallar çəkməklə aydınlaşdırıb. Elmi-nəzəri seminar müəllimlərin qarşılıqlı müzakirəsi şəklində davam edib.