Naxçıvan Dövlət Universitetində görkəmli türk şairi, İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoyun 150 illik yubileyi keçirilib

Naxçıvan Dövlət Universitetində görkəmli türk şairi, İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoyun 150 illik yubileyi keçirilib

Ali təhsil ocağında keçirilən tədbir ilk olaraq vətən uğrunda canından keçən Azərbaycan və Türk şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni, ardınca isə Türkiyənin “İstiqlal” marşı səsləndirilib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə çıxış edərək Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərindən danışıb, Mehmet Akif Ersoy yaradıcılığının ölkəmiz üçün önəmindən bəhs edib.

Ümumi işlər üzrə prorektor Xəyal Camalov ali təhsil ocağında təhsil alan türkiyəli tələbələrin dərsdən kənar ictimai işlərdə də xüsusi fəallığını qeyd edib.

Universitet Elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülay Tahirli şairin həyat fəaliyyəti və yaradıcılığı barədə məlumat veriblər.

Çıxışlarda qeyd olunub ki,  “Vətən şairi” və “Milli şair” ünvanları ilə tanınan şairin İstiqlal Marşı ilə yanaşı, Çanaqqala dastanı, Bülbül və 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən Safahat ən dəyərli əsərlərindəndir.

Bildirilib ki, ədibin ilk nəşr olunan şeiri “Qurana xitab” adlanır. Balkan müharibəsi illərindən bəri epik şeirlər yazmağa başlayan şairin ilk böyük dastanı “Çanaqqala şəhidləri”, ikinci böyük dastanı Bursanın işğalı ilə bağlı yazdığı “Bülbül”, üçüncü əsəri isə Türkiyə İstiqlaliyyət müharibəsinə həsr etiyi İstiqlal Marşıdır.

Tədbirin ədəbi-bədii hissəsində türkiyəli tələbələr şairin şeirlərini bədii qiraət ediblər.

Türkiyəli tələbələr “Türkün əsgəri”, “İgidim, aslanım”, “Məmləkətim” , “Çırpınırdı Qara dəniz” və digər mahnıları ifa ediblər.

Qeyd edək ki, tədbirin bədii rəhbəri və xormeysteri İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq kafedrasının dosenti, Naxçıvanın əməkdar artisti Validə Hüseynova, konsertmeysteri isə Fortepiano kafedrasının baş müəllimi Fəridə Ağayeva olub.

Leave a Reply

Your email address will not be published.