
Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev İli”nə həsr edilən elmi-praktik respublika konfransı keçirilib
Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsinin İngilis dili və metodika kafedrasının təşkilatçılığı ilə “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı keçirilib.
Konfransda ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev ölkəmizdə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konfransların davamlı xarakter aldığını vurğulayaraq bildirib ki, keçirilən bu konfrans da qarşıya qoyulan tapşırıqları məqsədəuyğun olaraq yerinə yetirəcək. Rektor konfransın dövlətimizin həyata keçirdiyi təhsil konsepsiyasının mühüm tərkib hissələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, qloballaşan dünyada Azərbaycan təhsilinin dünya təhsil və elm məkanına inteqrasiyası, elmi əməkdaşlıq xarici dillərin öyrənilməsini daha da aktuallaşdırıb. Rektor ali təhsil ocağının bir sıra xarici universitetlərlə həyata keçirilən proqram və layihələrindən bəhs edib, ingilis dili müəllimlərinin son illərdə beynəlxalq konfranslarda, layihələrdə iştirak edərək sertifikatlar əldə etdiklərini vurğulayıb. Elbrus İsayev konfransın işinə uğurlar arzulayıb.
Konfransda fakültənin dekanı, dosent Şirməmməd Qulubəyli, İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayev, tədbirə onlayn qoşulan Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova, NDU-nun İngilis dili və tərcümə kafedrasının müəllimi, dissertant Elçin Mirzəyev və Sinxron tərcümə ixtisası üzrə I kurs magistrant Leyla İsmayılovanın çıxışları dinlənilib. Çıxışlarda bildirilib ki, xarici dilin tədrisi qarşısında daimi olaraq nəyi necə öyrətmək qaydaları ən önəmli məsələlərdəndir. Həmçinin vurğulanıb ki, hər bir müəllim də tədris etdiyi kursun bu suallara nə dərəcədə cavab verdiyini müəyyənləşdirməlidir. Hazırda bu dilin tədrisi zamanı öz fikrini xarici dildə ifadə etmək və xarici dildə olan nitqi başa düşmək kimi iki tələb əsas götürülür. Bu tələblərin irəli sürülməsi bir daha göstərir ki, xarici dillərin tədrisində əldə ediləcək uğurlar əsasən metodika ilə bağlıdır. Tədbirdə xarici dillərin tədrisində müasir metodlardan istifadənin məqsədi, xarici dillərin tədrisinin aktual problemləri və.s kimi mövzular barədə ətraflı söhbət açılıb.
Daha sonra konfrans ənənəvi və onlayn olmaqla bölmə iclasları ilə davam edib. Bölmə iclasları zamanı ənənəvi bölmədə 66, onlayn bölmədə isə 26 məruzə dinlənilib.