Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasının 25 illiyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə “Gələcəyin hüquqşünasları” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1996-cı ildə “Hüquqşünaslıq” ixtisası “Tarix-filologiya” fakültəsinin tərkibində tədrisə başlayıb, 1998-ci ildə isə “İqtisad” fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hal-hazırda “Beynəlxalq münasibətlər və hüquq” fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisas daim dövlət qayğısının əhatəsində olub. Rektor bildirib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının kadrla təminatı baxımından əsas baza rolunu oynayan ixtisasın bu illərdə minlərlə məzunu olub. Vurğulanıb ki, tələbələr həmçinin ixtisasa dair nəzəri bilikləri mənimsəməklə bərabər müasir tədris üsullarının təcrübi bazası rolunu oynayan laboratoriyalarda tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini öyrənirlər. Qeyd edilib ki, onlar laboratoriyalarda cinayətin araşdırılması zamanı sübutların yaranma qanunauyğunluqları, onların aşkar edilməsi, qeyd olunması, götürülməsi, qablaşdırılması, saxlanılması, tədqiqi, qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi aparır, onların sınaqdan keçirilməsi məsələlərini öyrənirlər. Diqqətə çatdırılıb ki, ixtisasın perspektivləri nəzərə alınaraq gələcəkdə ikili diplom layihələrində fəal iştirakı nəzərdə tutulur. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.

“Hüquq fənləri” kafedrasının dosenti Şükür Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun tövsiyyəsi əsasında yaradılan fakültəyə ilk illlər muxtar respublikanın hüquq-mühafizə orqanlarında və dövlət strukturlarında çalışan səriştəli və təcrübəli mütəxəssislər cəlb olunub və 1997- ci ilin iyununda “Hüquq fənləri” kafedrası təşkil edilib. Vurğulanıb ki, artıq ixtisası bitirən məzunların kafedrada işlə təminatı uğurlu həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri Səttar Zamanov, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov həm bu ixtisasın məzunları, həm də kafedranın müəllimləri olmaqdan qürur duyduqlarını dilə gətiriblər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan MR Ali Məhkəməsini şöbə müdiri Cahan Bayramova, türkiyəli məzun İstanbul Ticarət Məhkəməsinin müdiri Abdurrahman Eyuboğlu ürək sözlərini çatdırıb, xatirələrini bölüşüblər.

Tədbirə onlayn olaraq qatılan Yasamal Rayon məhkəməsinin sədri İslam Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi, ədliyyə polkovniki Fikrət Vəliyev arzu və təbriklərini çatdırıb, uğur diləyiblər.