Naxçıvan Dövlət Universitetində “I Beynəlxalq İpək yolu” konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “I Beynəlxalq İpək yolu” konfransı keçirilib

Naxçıvan Dövlət Universiteti, Turkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun (İKSAD) birgə təşkilatçılğı ilə keçirilən konfransda 15 ölkədən 300-dən çox məruzəçi iştirak edib.

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ali təhsil ocağının rektoru Elbrus İsayev konfransı açıq elan edib və tədbirin əhəmiyyəti barədə iştirakçlara ətraflı məlumat verib.

          Rektor qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən, keçdiyi ərazilərdə yaşayan xalqların həyatında mühüm rol oynayan Böyük İpək Yolu ölkəmizin iqtisadi və mədəni inkişafına da öz müsbət təsirini göstərib. İpək Yolunun Naxçıvanın digər ölkələrlə mədəni-iqtisadi əlaqələrinin inkişafında rolundan bəhs edən Elbrus İsayev vurğulayıb ki, bu yol ticarətin və bazar münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, həm də bir sıra ölkələr və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Bu mənada, beynəlxalq konfransın keçirilməsi strateji mövqedə yerləşən, beynəlxalq nəqliyyat dəhlizi kimi diqqətləri cəlb edən Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələlərinin aktuallığını ön plana çıxarır.

          Elbrus İsayev diqqətə çatdırıb ki, İpək Yolunun bərpası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransın keçirilməsi haqqında imzaladığı 1998-ci il 7 iyun tarixli Sərəncamı Azərbaycanın dünya birliyi ölkələri ilə inteqrasiyasının gücləndirilməsində müstəsna rol oynayıb.

Bildirilib ki, Böyük İpək Yolunun əsas qovuşuqlarından biri də Azərbaycanın işğaldan azad olunmuş tarixi və əzəli torpaqlarıdır. İşğalçılıq siyasəti nəticəsində Böyük İpək Yolunun keçdiyi ərazilərdə min illər boyu mövcud olan bənzərsiz memarlıq abidələrinin, karvansaraların, qədim məscidlərin, mədrəsələrin məhv edildiyi vurğulanıb.

          Rektor 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmiz sayəsində Naxçıvanla Azərbaycanın quru yolunun birləşməsi əsas məsələlərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan tarixən də nəqliyyat kommunikasiyalarının mərkəzində yerləşən coğrafi ərazi oluduğuna görə tarixi İpək Yolu üzərində mühüm rol oynayıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının gələcək perspektivlərindən danışan rektor əlavə edib ki, bu tarixi nəaliyyət türk dünyası ilə Türkiyə arasında ticarət əlaqələrini genişləndirəcək. “Türk qapısı” adlandırılan Naxçıvan bu məsələdə mühüm rol oynayacaq.       

          Elbrus İsayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

          Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu çıxışında belə konfransların keçirilməsinin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub. Diqqətə çatdırılıb ki, bugünkü konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olunub. Əsas başlanğıcını Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdırmaqdan götürən İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Şərqdən Qərbə çox geniş bir ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı tədbirlərin, eyni zamanda, tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edib.

Qeyd olunub ki, bu gün çox aktual bir problemə həsr olunmuş beynəlxalq konfransın əhatə etdiyi məsələlərə əhəmiyyətli bir töhfə olacağına inanırıq. Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emekin, Naxçıvan Müəllimlər İnsitutunun rektoru Azad Novruzovun, Atatürk Universitetinin professoru Hüseyn Yurtdaşın, AMEA Naxçıvan Bölməsinin akademiki Hacıfəxrəddin Səfərlinin, Özbəkistanın İpək Yolu Araştırma Akademiyasının sədri Azamat Akbarovun, onlayn formatda konfransa qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin, ABŞ-ın Purdue Universitetinin professoru Jamaluddin Husainin, Adana Çuxurova Universitetinin professoru Hakkı Çiftçinin mövzu ətrafında çıxışları dinlənilib.

Sonda Universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında konsert proqramı nümayış olunub.

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnsitutunun prezidenti Mustafa Latif Emek konfransın təşkilatçılarına plaket təqdim edib.

Qeyd edək ki, konfrans ənənəvi və onlayn formatda olmaqla 23 bölmədə davam edib.

Leave a Reply

Your email address will not be published.