Naxçıvan Dövlət Universitetində İdman hüququna həsr edilən təlim keçirilib
Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsinin akt zalında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə idman hüquqşünası Elcan Həsənli tərəfindən son illərin aktual hüquq sahəsi olan idman hüququna həsr edilən onlayn təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov qeyd edib ki, ölkəmizdə idmana dövlət qayğısının nəticəsində bu sahədə qanunvericilik də formalaşmağa başlayıb. Bildirilib ki, idman hüququ üzrə yerli səviyyədə bədən tərbiyəsi və idman fəaliyyətinin hüquqi əsaslarını tənzimləyən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu var. Bu qanun idman hüququnun əsas mənbəyi hesab olunur.
Daha sonra tədbirə onlayn qoşulan Elcan Həsənli iştirakçıları salamlayıb, idman hüququ haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, idman hüququ idmançıların, klubların, sponsor şirkətlərin, milli və beynəlxalq federasiyaların, Beynəlxalq və milli Olimpiya Komitələrinin və dövlətin müvafiq qurumlarının idman və bədən tərbiyəsi sahəsində fəaliyyətini tənzimləyən normativ aktların məcmususudur. İdman hüququnun əsas özünəməxsus cəhəti tənzimlənməsinin bir çox hallarda beynəlxalq idman təşkilatları vasitəsilə həyata keçirilməsidir. Bildirilib ki, xarici dövlətlərin bir çoxunda bu sahə müstəqil sahə hesab olunur və yüksək səviyyədə inkişaf edib. Vurğulanıb ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq konvensiyalar da idman qanunvericiliyimizin əsası hesab olunur – deyə Elcan Həsənli vurğulayıb.
Sonda hüquqşünas gənclərə sevdikləri hüquq sahəsi ilə məşğul olmaq barədə tövsiyyələrini çatdırıb. Bildirilib ki, gənclər yeni inkişaf etməkdə olan idman hüququ sahəsini də öyrənsələr daha məqsədəuyğun olar. Bu sahənin də zamanla inkişaf edəcəyinə əminlik ifadə edilib.