Naxçıvan Dövlət Universitetində idmançı kadrların yetişməsində mühüm xidmətlər göstərmiş Məmmədəli Rəhimovun 70 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində “Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, Məmmədəli Rəhimov universitetdə idmanın inkişafı sahəsində yüksək bacarığa və təşkilatçılığa malikdir. Onun rəhbərliyi sayəsində ali təhsil ocağında 12 idman növü üzrə məşğələlər keçirilir, tələbələr universiada, muxtar respublika çempionatında uğurlar əldə edirlər. Məmmədəli müəllimin yüksək pedaqoji bacarığını və elmi nailiyyətlərini də qeyd edən rektor onun Basketbol Federasiyasının sədr müavini kimi gördüyü işlərdən danışıb. Bildirilib ki, muxtar respublikada cüdo və badminton idman növünün təməlini qoyan Məmmədli Rəhimovun məşqçiliyi altında tələbələr muxtar respublika və Azərbaycanda keçirilən yarışlarda uğurla çıxış etməklə bərabər beynəlxalq turnirlərin də qalibi və mükafatçısı olub. Rektor yubiliyarı təbrik edib, ona hər zaman belə sağlam və gümrah qalmağı arzu edərək universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.

Fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev yubiliyar haqda məlumat verərək qeyd edib ki, Məmmədəli Rəhimov Babək royonunun Qaraqala kəndində anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunda (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) təhsil alıb. 1975-1979-cu illərdə Babək rayonunun Xalxal, Məzrə, Zeynəddin kəndlərində Bədən tərbiyəsi müəllimi və “Dinamo” cəmiyyətində cüdo məşqçisi kimi çalışan Məmmədəli müəllim 1979-cu ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim kimi fəaliyyətə başlayıb. 2014-cü ildən İdman klubunun sədri vəzifəsində çalışan Məhəmmədəli Rəhimov ali təhsil ocağının idman həyatında bir çox uğurlara nail olub. 2013-cü ildə “Fiziki kamilliyin pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə edib və 2016-cı ildə dosent elmi vəzifəsinə layiq görülüb.

Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyev Məmmədli müəllimin qazandığı elmi uğurları qeyd edib. Bildirilib ki, tələbələrə idmanın bütün növlərini sevdirən Məmmədəli Rəhimov həm də tələbələrin sevimli müəllimidir.

Kafedranın dosenti Həsən Babayev və digər müəllimlər yubiliyar haqda ürək sözlərini ifadə edib, xatirələrini bölüşüblər.

Yubiliyar ona göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, sağlamlığın təməli müntəzəm idmanla məşğul olmaqdan keçir.

Qeyd edək ki, Məmmədəli Rəhimov 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “qabaqcıl təhsil işçisi döş nişanı” və 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O, 40-dan çox elmi məqalənin və 5 dərs vəsaitinin müəllifidir.