
Naxçıvan Dövlət Universitetində idmançı tələbələr mükafatandırılıb
Naxçıvan Dövlət Universitetində “XV universiada və 2021- ci ilin I yarısında muxtar respublika üzrə yarışlarda mükafata layiq görülmüş idmançılar təltif olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev altı ay davam edən universiadanın uğurla başa çatdığını diqqətə çatdırıb. Qeyd edilib ki, tələbələr müxtəlif idman sahələri üzrə yarışlarda universiteti, muxtar respublikanı hətta dünya arenasında yüksək şəkildə təbliğ edirlər. Universitetdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan rektor bildirib ki, ali təhsil ocağında idmanın kütləviliyinə diqqət yetirilir, universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir. Hər il aprel, may aylarında universitetdə təqvim planına uyğun tələbələrin “Universiadası” keçirilir. Rektor İdman kompleksinin yenidən təmir olunmasını, yeni idman ixtisaslarının əlavə olunmasını muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Bildirilib ki, həmçinin idman sahəsinə aid müxtəlif metodik vəsaitlər hazırlanır, idmançı kadrlar yetişdirilir. Elbrus İsayev vurğulayıb ki, XV Universiada yarışlarında idmançı tələbələrlə yanaşı, həmçinin qeyri- ixtisasdan olan tələbələr də yer alıb. Rektor tələbələri təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“XV Universiada”nın yekun hesabatı mövzusunda universitet İdman klubunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov çıxış edərək universitetin idman sahəsində uğurlarından danışıb. Qeyd edilib ki, ümumilikdə universiada cəmi 467 idmançı tələbə iştirak edib ki, bunlardan 95 nəfəri qız, 372 nəfəri oğlan, 100 nəfəri isə əcnəbi tələbə olub. Universitet idmanının qazandığı uğurlardan danışan Məhəmmədəli Rəhimov bildirib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş peyntbol üzrə Naxçıvan Muxtar Respublikası açıq birinciliyində universitetin komandası 20 komanda arasında II yerə layiq görülüb. Bundan əlavə ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında peyntbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası açıq birinciliyində isə Naxçıvan Dövlət Universitetinin komandası I yerə layiq görülüb. Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vətən naminə” hərbi idman oyununda universitetin “Qələbə” komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Gənclər arasında keçirilən “Hədəf” atış təlimində fərqləndiyinə görə Məhəmməd Şahbazov fəxri fərmanla təltif edilib. Bakı şəhərində keçirilən “Cüdo” güləşi üzrə Azərbaycan “Cüdo” federasiyasının keçirdiyi seçmə yarışında “Pedaqoji” fakültənin I kurs tələbəsi Abbas Məmmədov iştirak edərək II yerə çıxıb, Azərbaycan yığma komandasının tərkibinə daxil edilib. Naxçıvan Şəhər Gömrük İdarəsi yanından Duzdağ mağarasına qədər keçirilən 5 kilometr məsafəyə kross qaçışda Xatun Orucova II yerə layiq görülüb.
Futbol, basketbol, oğlanlar və qızlar arası voleybol, stolüstü tennis, şahmat, atıcılıq üzrə idman növləri üzrə universiadanın ümumi nəticələrinə görə Tibb fakültəsi ümumi hesabla qalib olub. İqtisad fakültəsi II, Pedaqoji fakültə isə III olub.
“Bədən tərbiyə və idman” ixtisası üzrə II kurs tələbəsi, Dünya ikincisi, Avropa üçüncüsu olan Aslan İsmayılov qazandığı uğurlar haqqında tələbələrə məlumat verib, universiada iştirakçılarını təbrik edib.
Sonra mükafatlandırma mərasimi keçirilib. İştirakçılara universitet rəhbərliyi tərəfindən fəal iştiraklarına görə diplom və hədiyyələr təqdim edilib.