Naxçıvan Dövlət Universitetində İELTS Mərkəzinin fəaliyyətə başlaması ali təhsil ocağı üçün yaddaqalan hadisədir

Ali təhsil ocağının Xarici dillər fakültəsində yeni yaradılan İELTS mərkəzinin gələcək perspektivləri müzakirə edilib. Bu münasibətlə universitetin rektoru Elbrus İsayev çıxış edərək mərkəzin fəaliyyətə başlamasını nəinki universitet həmçinin muxtar respublika ictimai və mədəni mühitinə verilən yüksək töhvə olaraq dəyərləndirib. Qeyd edilib ki, artıq İngilis dili və tərcümə və İngilis dili müəllimliyi ixtisasını bitirən tələbələr İELTS üzrə əvvəlcədən təyin olunmuş bal topladığı zaman bitirdikləri xtisas üzrə diplom ala biləcəklər. Bildirilib ki, müasir dövrün tələbləri nəzərə alınmaqla ixtisas dərslərini mənimsəyən tələbələrin bu istiqamətdə nəzəri və təcrübi bilikləri yoxlanılacaq. Rektor onu da vurğulayıb ki, tələbələrlə bərabər həmçinin bu ixtisaslarda dərs deyən müəllimlərin də İELTS üzrə sertifikat əldə etməsi mütləqdir. Qeyd edilib ki, bu ilin iyun ayına planlaşdırılan imtahanlarda yaş məhdudiyyəti nəzərə alınmadan ingilis dili ixtisaslarında dərs deyən bütün müəllimlər iştirak edəcəklər. Elbrus İsayev magistratura və doktorantura təhsil pillələrində xarici dil kimi ingilis dilinin daxil edilməsini və bu istiqamətdə dil bilgilərinin yoxlanılmasını nəzərə alaraq bu mərkəzin gələcəkdə müəllim və tələbələr üçün hansı üstünlüyə malik olacağını da vurğulayıb. Müəllimlərin bu istiqamətdə təklif və tövsiyyələrini dinləyən rektor hər kəsə uğurlar arzulayıb.

Qeyd edək ki, İELTS mərkəzinin bir üstünlüyü də ondan ibarətdir ki, ali təhsil ocağında ixtisası ingilis dilində olan İqtisadiyyat ixtisası tələbələrinin də təcrübi bilik bazasının formalaşmasına müsbət təsir göstərəcək. Rektor bu məqsədlə həmin ixtisasın tələbələri ilə görüşüb. Bildirilib ki, artıq universitetdə bu sahə üzrə mövcud kadr potensialı da nəzərə alınmaqla bu istiqamətdə ixtisasların sayının artırılması da diqqət mərkəzindədir. Qeyd edilib ki, bu tədris ilindən etibarən artıq Beynəlxalq münasibətlər ixtisası da öz tədrisini ingilis dilində davam etdirəcək. Rektor tələbələrin keçdikləri fənlərə dair verdikləri arzu və təkliflərini dinləyib. Həmçinin görüşdə o da diqqətə çatdırılıb ki, İqtisadiyyat ixtisasının bitirən tələbələr də gələcəkdə İELTS üzrə sertifikat imtahanından yüksək nəticə əldə etməklə universiteti bitirəcəklər. Elbrus İsayev keçirilən görüşü yüksək qiymətləndirib və tələbələrə keçdikləri fənləri daha dərindən mənimsəyib gələcəyin peşəkar kadrı olmağı tövsiyyə edib.

Sonda ingilisdilli İqtisadiyyat ixtisasında təhsil alan tələbələrə hədiyyələr təqdim edilib.