Naxçıvan Dövlət Universitetində II Çağdaş Azərbaycan dilinin aktual problemləri adlı respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində II Çağdaş Azərbaycan dilinin aktual problemləri adlı respublika elmi konfransı keçirilib

Tarix-filogiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov konfransın mahiyyəti və çıxış edələr barədə məlumat verib. Qeyd olunub ki, 13 elm-təhsil müəsissəsi əməkdaşlarının iştirak etdiyi konfransın əsas mahiyyəti ana dilinin saflığının qorunması və dildə yaranan bəzi qüsurların dilçi alimlər tərəfindən müzakirə edilməsidir.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının mötəbər elmi tədbirlərə ev sahibliyi etməyinin əhəmiyyətini vurğulayıb. Rektor ötən il birincisi baş konfransın bu il şəbəkəni genişləndirərək davamının keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq Azərbaycan dilinin düzgün təbliği və qorunması istiqamətində bir çox işlər görülüb. Bu gün baş tutan konfrans da görülən işlərin məntiqi davamıdır. Elbrus İsayev tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Möhsün Nağısoylu Azərbaycan dili orfoqrafiya və orfoepiyasının bəzi problemlərindən bəhs edib. Professor alınma sözlər, Azərbaycan dilini digər dillərdən fərqləndirən əsas cəhətlərdən biri ahəng qanunu və orfoqrafik  eyni zamanda orfoepik qaydalar barədə məlumat verib. Professor ərsəyə gəlməsi olduqca çətin proses olan lüğətlərin hazırlanmasında yol verilən səhvlər və diqqət edilməsi gərəkən məqamlara aydınlıq gətirib. Diqqətə çatdırılıb ki, tarix boyu yad qüvvələr tərəfindən təhrif olunmağa cəhd göstərilən Azərbaycan dilinin zənginliyini hər bir vətəndaş anlamalı və onu qorumalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbülfəz Quliyev “Müstəqillik illərində Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri və qarşıda duran vəzifələr” mövzusunda çıxış edərək qeyd edib ki, dilimizin formalaşmasında dialekt sözlər və şivələrin xüsusi rolu var. Professor dilçi alimlərin daim maraq dairəsini əhatə edən bu mövzu barədə nəşr edilən kitablar haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Əbülfəz Quliyev həmçinin dialekt və şivələrlə bağlı qarşıya qoyulan vəzifələrdən də ətraflı bəhs edib.

Sonra konfrans 4 bölmə iclası ilə işini davam etdirib. Qeyd edək ki, konfransda “Qrammatika bölməsi” üzrə 19, “Dialektologiya bölməsi” üzrə 7, “Üslubiyyat və nitq mədəniyyəti bölməsi”ndə 16, “Azərbaycan dilinin ümumi məsələləri bölməsi”ndə 10, ümumilikdə 52 çıxış dinlənilib.

Qeyd edək ki, konfransda uğurlu çıxışlara görə çıxış edənlərə iştiraketmə vərəqəsi təqdim edilib.

Leave a Reply

Your email address will not be published.