Naxçıvan Dövlət Universitetində “II Xarıbülbül kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Giriş sözü ilə çıxış edən YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev gənclərin inkişafında intellektual oyunların əhəmiyyətindən danışıb. Qeyd edilib ki, tələbələrin bilik və bacarıqlarının formalaşmasında intellektual oyunların xüsusi rolu var.
“Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov universitet tələbələrinin son günlərdə intellektual oyunlarda əldə etdiyi uğurlardan bəhs edib. Diqqətə çatdırılıb ki, tələbələr “Poliqon” strateji intellektual oyunda fəallıq göstərərək final mərhələsinə vəsiqə qazanıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən ümumrespublika bilik yarışında iştirak edib, həmçinin muxtar respublikada keçirilən Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində intellektual yarışlarda uğurla çıxış edərək qalib olublar.
Sonra yarışa start verilib. 14 komandanın iştirak etdiyi oyunda Azərbaycan tarixi, Qarabağın tarixi və mədəniyyəti haqqında 24 sual səsləndirilib. İki mərhələdən ibarət olan, gərgin və maraqlı keçən yarışda komandalar təqdim edilən sualları cavablandırıb. Yarışın yekununda “Qasırğa” komandası I, “Paradoks” komandası II, “Diplomatlar” komandası isə III olub. Qalib komanda kubok, diplom və kitabla mükafatlandırılıb.