Naxçıvan Dövlət Universitetində “III Fizika, riyaziyyat və astronomiyanın aktual problemləri” mövzusunda republika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “III Fizika, riyaziyyat və astronomiyanın aktual problemləri” mövzusunda republika elmi konfransı keçirilib

Ali təhsil müəssisəsinin Fizika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbir iştirakçılarını və konfransa onlayn qoşulan məruzəçiləri salamlayıb. Qeyd edilib ki, konfransın məqsədi Fizika, Riyaziyyat və Astronomiyanın əsas istiqamətləri ilə bağlı aktual elmi müzakirələr aparmaq, əldə ediləcək elmi-nəzəri nəticələrin  təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən, həmçinin kosmik fəzanın elmi cəhətdən öyrənilməsinə nail olmaqdan ibarətdir.        

Tədbirə onlayn qoşulan AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyevin “Günəş sisteminin tədqiqində son nailiyyyətlər”, Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, İstanbul Yıldız Texnik Universitetinin professoru Bilal Bilalovun “2m-tərtib elliptik tənliklər üçün Drixle məsələsinin Sobolev fəzalarında Fredholmluluğu”,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasının professoru, fizika elmləri doktoru Aydın Ələkbərovun Er(Nadir torpaq elementi) aşqar atomlarının GaS(Qalium Kükürd) monokristalının fotoelektrik spektrinə təsiri mövzusunda məruzələri dinlənilib.

Çıxışlarda qeyd edilib ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizika, riyaziyyat, astronomiya və bunlara bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti daim  gündəmdədir.

“Yerdən kənar həyat probleminin bəzi məsələləri” mövzusunda çıxış edən Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev diqqətə çatdırıb ki, Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planet və onların məlum 166 təbii peyki, beş cırtdan planet və onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərinin daxil olduğu Süd yolu qalaktikasında uzun əsrlər boyu həyatın olub-olmaması daim insanların diqqət mərkəzində olub. Sonra konfrans 3 bölmə iclası ilə davam edib. Bölmə iclaslarında ənənəvi və onlayn olmaqla ümumilikdə 51 məruzə dinlənilib.

Leave a Reply

Your email address will not be published.