Naxçıvan Dövlət Universitetində ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla görüş keçirilib

Naxçıvan Dövlət Universitetində ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Naxçıvan Dövlət Universitetinin Beynəlxaq münasibətlər və hüquq fakültəsinin tələbələri ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevin də iştirak etdiyi tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə çıxış edərək tələbə və müəllim kollektivi ilə keçirilən görüşə görə qonağa təşəkkürünü bildirib. Aidə Cəlilzadə Ceyhun Məmmədovun bioqrafiyası, ali təhsilin idarə edilməsi sahəsində böyük təcrübəsi, qanun yaradıcılığında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, eləcə də elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib.

          NDU-da professor-müəllim və tələbə heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən Ceyhun Məmmədov NDU-nun milli ali təhsil sistemində özünəməxsus mövqeyi ilə seçildiyini, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə sosial şəbəkələrdə, təbliğat, maarifləndirmə və mənəvi dəstək tədbirlərində universitetin fəallığını yüksək qiymətləndirib. Ali təhsil müəssisələrinin informasiya mübarizəsində potensial imkanlarını diqqətə çatdıran millət vəkili dünyada ciddi qəbul edilmiş mənbələrə istinad etməklə sanballı elmi məqalələrin yazılması və nüfuzlu nəşrlərdə dərc edilməsi, xarici media qurumlarına müsahibələrin verilməsi, birgə konfransların və tədbirlərin keçirilməsi, xaricdə yaşayan nüfuzlu elm adamları, qabaqcıl dünya universitetlərində fəaliyyət göstərən tədqiqatçılarımız və təhsil alan tələbələrimiz ilə kommunikasiyanın məqsədyönlü qurulması məsələlərindən danışıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə effektiv şəkildə çatdırılmasının yüksək peşəkarlıq səviyyəsi tələb etdiyini vurğulayan Ceyhun Məmmədov tələbələrə öz ixtisasları ilə yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında geniş biliklər əldə etməyi, xarici dilləri öyrənməyi, dürüstlüyü, ədalətliliyi və fəallığı əsas dəyərlər kimi qəbul etməyi tövsiyə edib.

Sonda müəllim və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.