Naxçıvan Dövlət Universitetində ilk dəfə tədrisi həyata keçirilən “Hərbi tibb” ixtisasının təqdimatı olub

Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar republikada ilk dəfə olaraq 2021-2022-ci tədris ilindən etibarən “Hərbi tibb” ixtisasına tələbə qəbulu aparılıb. Vurğulanıb ki, 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsində yaradılan müasir tədris şəraitinin nəticəsidir ki, “Hərbi tibb” ixtisası uğurla fəaliyyətə başlayıb. Rektor bu ixtisas üzrə artıq 10 tələbənin təhsil aldığını qeyd edib. Bildirilib ki, hazırda fakültədə Tibb, Müalicə işi, İctimai səhiyyə, Tibbi profilaktika, Əczaçılıq, Stomatologiya və bu il qəbulu aparılan Hərbi tibb və Psixologiya ixtisasları da daxil olmaqla 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Elbrus İsayev diqqətə çatdırıb ki, fakültədə 1257 tələbə təhsil alır. Rektor qeyd edib ki, fakültə məzunlarına göstərilən diqqət və qayğının nəticəsidir ki, məzunların 200-dən çoxu muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqla bərabər əksəriyyəti müxtəlif xəstəxanalarda baş həkim kimi də fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, fakültə məzunlarının bir çoxu hal-hazırda ABŞ, Hollandiya, İspaniya, Nigeriya, Almaniya, Kanada, Türkiyə, İran, Kipr, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər. Rektor “Hərbi tibb” ixtisasının açılmasında göstərdiyi xüsusi diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıq edib. Göstərilən yüksək etimad və dəstəyin “Hərbi tibb”sahəsindəki kadr hazırlığına mühüm töhvə verəcəyinə əminlik ifadə olunub.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, Azərbaycan Müdafiə Nazirinin müavini, general-polkovnik Kərəm Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hissələrin kiçik hərbi tibbi mütəxəssislərlə və hərbi həkim heyəti ilə təmin edilməsində yeni yaradılan “Hərbi tibb” ixtisası böyük əhəmiyyətə malikdir. Bu ixtisasda təhsil alan tələbələrin təhsili üçün yaradılan lazımi şərait muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addım kimi dəyərləndirilib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hamiliyə dair verdiyi sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq universitetin “Hərbi tibb” ixtisası Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilib. Bildirilib ki, yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə “Hərbi tibb” ixtisasında təhsil alan tələbələr üçün yeni geyim dəstləri və nəqliyyat vasitəsi ayrılıb. Tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və səhra şəraitində açılmış səyyar tibb məntəqələrində praktiki məşğələlərə cəlb edilən zaman onlar üçün ayrılmış

mikroavtobusdan istifadə edirlər. General-polkovnik Kərəm Mustafayev “Hərbi tibb” ixtisasının qazandırdığı üstünlükləri diqqətə çatdıraraq qeyd edib ki, tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və digər hərbi tibb müəssisələrində praktiki olaraq biliklərini artırmaq və məzun olduqdan sonra işlə təmin olunmaq imkanı əldə edəcəklər. Orduda döyüşən əsgərlərin milli ruhda tərbiyə olunmasında aparılan məqsədyönlü təhsil siyasətinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran general-polkovnik tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, gələcəyə daha ciddi və əmin addımlarla irəliləməyə səsləyib.

Tədbirdə Tibb fakültəsinin tanıtım videosu, “Hərbi tibb” ixtisasında təhsil alan tələbələrə həsr olunan videoçarx nümayiş olunub.

Fakültənin dekanı Elsevər Əsədov tələbələrin könülülük fəaliyyətinə diqqəti çəkərək bildirib ki, fakültənin 300-dən artıq könüllü tələbələri səhiyyə müəssisələrində çalışır, bilik və bacarıqlarını artırır, xəstə müayinələrində, cərrahi əməliyyatlarda assistent kimi iştirak edir, gecə növbələrinə də qalırlar. Vurğulanıb ki, tələbələr kliniki dərslərinin əksəriyyətini xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçirlər.

Naxçıvan Qarnizonu Mərkəzi hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov bildirib ki, hospitalda, Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində yaradılan hərtərəfli şərait hərbi tibbi kadrların praktiki vərdişlərinin və peşəkarlıqlarının artırılmasına müsbət təsir göstərir.

İncəsənət fakültəsi əməkdaşlarının təqdimatında konsert proqramı nümayiş olunduqdan sonra tələbələrə həkim xalatı geydirilib və hərbi formalar təqdim olunub.

Tədbirin sonunda qonaqlar Tibb fakültəsində yüksək maddi-texniki baza ilə zəngin Anatomiya, Mulyaj-simulyasiya, Fitoterapiya, Stomatoloji, Əczaçılıq simulyasiya kabinələrində, Patologiya, Əczaçılıq, Kimya, Stomatoloji texniki, Mikrobiologiya laboratoriyalarında olub və tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm əhəmiyyət daşıyan, müasir standartlara cavab verən avadanlıqlardan razı qaldıqlarını ifadə ediblər.