Naxçıvan Dövlət Universitetində “İnvaziv radiologiya – müasir elmi yanaşmalar” mövzusunda elmi seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “İnvaziv radiologiya – müasir elmi yanaşmalar” mövzusunda elmi seminar keçirilib

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin təşkilatçılığı ilə ali təhsil ocağında elmi seminar keçirilib.

Ali təhsil müəssisəsinin Tibb fakültəsində baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki ali təhsil ocağının göstəriciləri arasında Tibb fakültəsinin özünəməxsus yeri var. Universitetdə yaradılan müasir təlim-tədris imkanlarından söz açan rektor bildirilib ki, ölkəmizin bir çox ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də müasir tədris infrastrukturu yaradılıb. Qeyd edilib ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsində də tələbələrin savadlı, hərtərəfli yetişməsi üçün hər bir şərait mövcuddur. Fakültədə yaradılan müasir texnologiyaların, zəngin laboratoriyaların və ən son tibbi avadanlıqların mövcudluğundan bəhs edən rektor diqqətə çatdırıb ki, burda keçirilən nəzəri biliklərin təcrübədə tətbiqi, tələbələrin tanınmış cərrahlarla görüşməsi, ustad dərslərin təşkili onların gələcəkdə savadlı kadr kimi formalaşmasına hərtərəfli şərait yaradır. Nəticədə universitetin tibb fakültəsi üzrə məzun olan tələbələr tibb sahəsində fəal iştirak edərək ölkənin, eləcə də muxtar respublikanın səhiyyə sisteminə öz layiqli töhfələrini verirlər. Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq münasibətlərindən danışan Elbrus İsayev tələbələrin peşəkar kadr kimi yetişdirilməsi üçün müxtəlif tədris planlarının, təcrübə proqramlarının həyata keçirildiyini vurğulayıb.

          Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, Tusi adına klinikanın həkim radioloqu Yunus Əfəndiyevin “Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya seçimi fərqli profilli həkimlər üçün məlumat və tövsiyyələr” mövzusunda çıxışı dinlənilib. Qeyd edilib ki, KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insan bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir, bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır. MRT zamanı isə rentgen şüalanma deyil, güclü maqnit sahəsinin istifadə olunduğunu diqqətə çatdıran Yunus Əfəndiyev bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomlarının maqnit sahəsinin istiqamətində düzüldüyünü deyib. Bildirilib ki, bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir, MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.

                Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin həkim radioloqu, Azərbaycan Radioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü Anar Kazımov “Maqnit Rezonans Tomoqrafiya müayinəsinin müasir tibbdə statusu” mövzusunda çıxışı zamanı qeyd edib ki, MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində xüsusilə effektlidir.

MRT-nin neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunduğunu diqqətə çatdıran Anar Kazımov bildirib ki,  köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişlərinin müayinəsində MRT-nin özünəməxsus rolu var.

          “Fetal radiologiyada müasir görüntüləmə üsulları” mövzusunda çıxış edən Oksigen klinikasının həkim radioloqu, Azərbaycan Radioloqlar Cəmiyyətinin üzvü Azər Fərəcov bildirib ki, Fetal MRT fetal diaqnostik görüntüləmə metodlarından biridir. Qeyd edilib ki, ultrasəs müayinəsindən fərqli olaraq Fetal MRT-yə yanlız göstəriş olan zaman müraciət olunur.

          Daha sonra “İnvaziv Radiologiyanın yeni nailiyyətləri”, “Kompüter tomoqrafiya müayinəsinin yeni vektorları və imkanları”, “Ultrasəs müayinəsinin qeyri-ənənəvi, müasir semitologiyası”, “Müasir radioloji kontrastlaşma üsulları və maddələri”, “Süd vəzinin radiologiyasının dəyərləndirilməsi” mövzularında  çıxışlar dinlənilib.

          Sonda iştirakçıların sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.