Naxçıvan Dövlət Universitetində “İqtisadi inkişafda startapların rolu” mövzusunda dəyirmi masa təşkil edilib

Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsində baş tutan tədbiri giriş sözü ilə açan fakültənin dekanı Əşrəf Ələkbərov qeyd edib ki, dünya bazarına çıxmaq, beynəlxalq rəqabətə davam gətirmək üçün startap ideyalarını həyata keçirmək əsas şərtdir. Bu layihə çərçivəsində universitetdə startaplarla bağlı müsabiqələrdən danışan dekan bildirib ki, tələbələr həmçinin bu yarışlarda birincilik də əldə ediblər.

Tədbirə onlayn qoşulan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, İnversiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Orxan Abdinov vurğulayıb ki, yaxşı dəyər formalaşdıran, biznes bazarına uyğun tədqiqat və araşdırmalar həm yerli, həm də xarici bazarda investisiya cəlb edə bilər. Diqqətə çatdırılıb ki, burada ölkələrarası razılaşmalar müəyyən qədər tənzimləyici rol oynasa da, investor üçün əsas olan startapdan qazanmaqdır. Startap ekosisteminin inkişafı birbaşa təhsil və elmi tədqiqat sisteminin biznes-sənayenin ehtiyaclarına uyğun qurulması ilə bağlıdır.

Daha sonra “Bələdiyyə və turizm “kafedrasının müəllimi Asif Abdullayevin “İntellektual kapital və startaplar”, “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Ülvi Məmmədlinin isə “İnnovasiyalı inkişafda startaplar” mövzuları üzrə çıxışları dinlənilib.