
Naxçıvan Dövlət Universitetində kadr hazırlığına dəstək məqsədilə “Yerquruluşu və Kadastr” kabinəsi fəaliyyətə başlayıb
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev dövlət orqanlarına hamiliyə verilən ixtisasların önəmindən söz açıb. Diqqətə çatdırılıb ki, universitetdə 75 bakalavr dərəcəsi üzrə kadr hazırlığı həyata keçirilir ki, bunlardan 40-dan artıq ixtisas müxtəlif dövlət müəssisələrinə hamiliyə verilib. Qeyd edilib ki, bu gün savadlı kadraların yetişməsi, onların peşəkar mütəxəssis kimi formalaşması dövlət orqanları ilə səmimi əməkdaşlığın nəticəsidir. Vurğulanıb ki, tələbələr dərslərdə qazandığı bilikləri praktikada tətbiq etmək imkanına malik olduqları üçün gələcəkdə də həmin müəssisələrdə də iş imkanı əldə edəcəklər. Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin ali təhsil ocağını xəritə, ədəbiyyat, atlas, tədris vəsaitləri və müxtəlif cihazlarla təmin etməsi səmərəli kadr hazırlığına xidmət edir. Bildirilib ki, tələbələr bu gündən fəaliyyətə başlayan “Yerquruluşu və Kadastr” kabinəsindən sərbəst işlərin, diplom işlərinin, startap və layihələrindən hazırlanmasında istifadə edə bilərlər. Elbrus İsayev kabinənin yaradılmasında göstərilən xüsusi diqqətə görə hami təşkilata universitet adından minnətdarlığını ifadə edib. Həmçinin kabinənin peşəkar kadr hazırlığının aparılmasına mühüm töhvə verəcəyinə əminlik ifadə olunub.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə Ali məclis Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdiriliən vəzifələrin icrası, hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, yeni yaradılan kabinənin tələbələrin elmi-nəzəri biliklərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bildirilib ki, kabinə tələbələrə praktiki vərdişlərin aşılanması üçün lazım olan müasir alət və avadanlıqlar, kartoqrafiya materialları və dərs vəsaitləri ilə zənginləşdirilib. Kabinədə yerquruluşu, geodeziya, kartoqrafiya və kadastr işlərinin aparılması ilə bağlı stendlər quraşdırılıb, kadastr və inventarlaşdırma işlərinə dair müxtəlif illərdə tərtib olunan sənəd nümunələri və xidmətin nəşrlərinin nümunəsi qoyulub. Bildirilib ki, kabinədə elektron lövhə və zəruri proqram təminatı yüklənən komputer dəsti quraşdırılıb ki, bunların xidmətlə onlayn əlaqəsi təmin edilib.
Xidmətin informasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov və hüquqi ekspertiza və daşınmaz əmlakın dövlət reyestri sektorunun müdiri Hikmət Orucov xidmətdə istifadə olunan müasir informasiya sistemləri, tətbiq edilən texnoloji yeniliklər, rəqəmsal kadastr xəritəsi üzərində əməliyyatların aparılması, daşınmaz əmlakın qeydiyyatı, xəritəçəkmə prosesi, aerokosmik çəkiliş materialları ilə iş, relyefin üçölçülü modellərinin yaradılması haqqında ətraflı məlumat veriblər.
Tədbirin sonunda xidmət tərəfindən kabinəyə təqdim edilən avadanlıqlara, tədris vəsaitlərinə baxış olub.
Məlumat üçün bildirək ki, tədris prosesində istifadə məqsədilə xidmət tərəfindən universitetə müxtəlif məzmunlu və miqyaslı xəritələr, qlobuslar, kompaslar, təkərli və lazerli məsafəölçənlər, elektron bucaqölçən, praktiki geodeziya ölçmələrinin aparılması məqsədilə 1 dəst GPS, 1 əl GPS-i, 1 dəst elektron taxeometr, 1 dəst nivelir hədiyyə olunub.