Naxçıvan Dövlət Universitetində Kardiologiya konqresi keçirilib

Naxçıvan Dövlət Universitetində Kardiologiya konqresi keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  Naxçıvan Muxtar Respublikası Kardiologiya konqresi keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresdən əvvəl qonaqlar  ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan heykəli önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev muzeyinin zəngin ekspozisiyası ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Konqres ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb və konqresin işinə uğurlar arzulayıb. Rektor bildirib ki, ümummilli liderin ali təhsil ocağında 4 dəfə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetdə 2 dəfə olması sayəsində NDU əsl inkişaf və tərəqqi mərhələsinə çatıb. Rektor Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşıdakı mərhələlər üzrə perspektivlərini diqqətə çatdırıb. Elbrus İsayev yeni yaradılacaq tibb kampusunun əsasının qoyulmasını gələcəkdə muxtar respublika səhiyyəsinə töhvə verməklə bərabər, beynəlxalq aləmdə qazanılan uğurların davamı olacağına əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov ulu öndərin əsasını qoyduğu səhiyyə siyasətinin  bu gün də yüksələn xətlə inkişafından söhbət açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində son aylarda həyata keçirilən köklü islahatlar muxtar respublikada tibbi xidmətin müasir və üstün yanaşma ilə qurulmasına, tibbin bütün istiqamətlərində keyfiyyətin artırılmasına yönəlib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Üzeyir Rəhimov qeyd edib ki, bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə bu islahatların təməlini təşkil edir. Üzeyir Rəhimov vurğulayıb ki, 12 ildir fəaliyyət göstərən cəmiyyətimizin əsas məqsədi kardioloqların elmi səviyyəsini yüksəltməkdir. Bu məqsədlə keçirilən tədbirləri önə çəkən cəmiyyətin sədri onu da əlavə edib ki, artıq dördüncü dəfədir ki, Naxçıvanda keçirilən konqreslərə qatılırıq, bu istiqamətdə təcrübələrimizi bölüşürük. Üzeyir Rəhimov həmçinin diqqətə çatdırıb ki, konqres faydalı olacaq və vətəndaşlara göstərilən kardioloji xidmətin keyfiyyətinin daha da artırılmasına kömək edəcək.

          Azərbaycan Ürək-Damar Cərrahiyəsi Cəmiyyətinin Sədri Kamran Musayev,  YAP idarə Heyəti Üzvü Tofiq Cahangirov, Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyəti Üzvü, Kurs Direktoru Tofiq Sadıqov, “Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assossasiyası” İctimai Birliyinin sədri İsa Abdullayevin çıxışları dinlənilib.

          Qeyd edək ki, konqresin moderatoru universitet xəstəxanasının baş həkimi Elmar Rzayevdir.    

          Məlumat üçün onu da bildirək konqres iki gün davam edəcək. Konqresdə ixtisaslı peşəkar həkimlərin çıxışları ilə yanaşı, Klinik hallar ilə EKQ, Kardiak Anatomiya, Ürək ağciyər canlandırma (CPR) kursları da təşkil ediləcək.

Leave a Reply

Your email address will not be published.