
Naxçıvan Dövlət Universitetində keçirilən dəyirmi masada “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı müzakirə edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı dəyirmi masada müzakirə edilib. Dəyirmi masanı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsində Sərəncamın əhəmiyyətindən bəhs edib və kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir və kitabda tariximizin bütün dövrləri təhlil olunur. Rektor 1995-ci il 16 dekabr tarixində parlamentin sessiyasında cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi münasibətilə hər kəsi təbrik edib. Vurğulanıb ki, muxtar respublikamız davamlı inkişaf və tərəqqiyə Cənab Sədrin gərgin və yorulmaz əməyi sayəsində nail olub.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin gənclərin vətənpərvərlik ruhunda böyüməsində rolu və əhəmiyyəti” mövzusunda çıxış edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli, mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli liderimiz hər zaman gənclərimizə böyük diqqət bəsləyib, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edib və dəfələrlə Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edib.
Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistr Nurtac Zeynalova “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edib.
Sonra Yeni Azərbaycan partiyası sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dövlət müstəqilliyi” adlı videoçarxa baxış olub.